Bakı. 1 oktyabr. REPORT.AZ/ Portuqaliya milli komandasının və İspaniyanın "Real Madrid" klubunun futbolçusu Kriştianu Ronaldu peşəkar karyerasında 500-cü qol səddini keçib. "Report"un məlumatına görə, 30 yaşlı hücumçu yubiley qolunu İsveçdə "Malmö" ilə Çempionlar Liqasının qrup mərhələsinin II tur matçında vurub.
Ronaldu 29-cu dəqiqədə fərqlənib. O, 90-cı dəqiqədə daha bir qola imza ataraq, "kral klubu"nun qələbəsini təmin edib - 2:0. Bununla da "Real Madrid"dəki qollarını 324-ə çatdıran təcrübəli forvard əfsanəvi Raulu da geridə qoyaraq, klub tarixinin ən yaxşı bombardirinə çevrilib. Daha 118 qol isə futbolçunun İngiltərə "Mançester Yunayted"ində çıxış etdiyi vaxt qeydə alınıb. Artıq 500-cü qolu münasibətilə "qırmızı şeytanlar"ın rəsmi saytı vasitəsilə ona təbrik ünvanlanıb.
"Malmö" ilə görüşdə Ronaldu həm də Çempionlar Liqasının qrup mərhələsindəki "dubl" sayında birinci yerə yüksəlib. 22-ci "dubl"una imza atan portuqaliyalı ulduz bu göstəricidə Argentina millisinin və İspaniya "Barselona"sının hücumçusu Lionel Messini keçib.
Qeyd edək ki, "Real Madrid" "Malmö" ilə qarşılaşmada qrupda ardıcıl ikinci qələbəyə imza atıb.