Yuxarı

​Klublar Komitəsi yerli futbolçuların xaricə getməsinə təkan verəcək

AFFA Klublar Komitəsinin növbəti iclası keçirilib

Bakı. 3 fevral. REPORT.AZ/ Bu gün "Hilton" otelində AFFA Klublar Komitəsinin növbəti iclası keçirilib. "Report"un məlumatına görə, iclasda "İnter", "Simurq" və "Sumqayıt"ı klub prezidentləri Georgi Nikolov, Anar Bəkirov və Kamran Quliyev, "Xəzər Lənkəran", "Neftçi", AZAL, "Qəbələ" və "Bakı"nı vitse-prezidentlər Tuyqun Nadirov, Elnur Məmmədov, Fikrət Hüseynov, Fariz Nəcəfov və Yaşar Seyidov, "Qarabağ"ı isə baş menecer Asif Əsgərov təmsil edib.

Toplantıya Klublar Komitəsinin dəvəti əsasında AFFA-nın baş katibi Elxan Məmmədov, Oyunçuların Statusu və Transferi Komitəsinin rəhbəri Rəmiş Malıyev, həmçinin Lisenziyalaşdırma Qrupunun rəhbəri Elçin Məmmədov qatılıb. İki saatdan artıq davam edən iclasın ardından Komitə sədri Tuyqun Nadirov brifinq keçirib. O bildirib ki, toplantıda Klublar Komitəsinin loqosu təsdiqlənib, nizamnamədə bəzi dəyişikliklər edilib. Eyni zamanda, Elxan Məmmədovla müəyyən məsələlər ətrafında birgə müzakirələr aparılıb, irəli sürdükləri təkliflərlə bağlı onun mövqeyi öyrənilib. R.Malıyevlə yeniyetmə və gənc futbolçularla klub arasında bağlanan müqavilələr barədə söhbət aparılıb: "Hər bir klub yetişdirdiyi futbolçunun bəhrəsini görmək istəyir: ya heyətində oynatmaqla, ya da satıb müəyyən vəsait əldə etməklə. Bu baxımdan futbolçu üzərində mülkiyyət sənədləri düzgün qurulmalıdır. Ona görə də Oyunçuların Statusu və Transferi Komitəsinin rəhbəri Rəmiş Malıyevi dəvət etmişdik. O da öz tövsiyə və təkliflərini verdi. Bu, klub rəhbərləri tərəfindən çox gözəl qarşılandı".

Klublar Komitəsinin sədri bildirib ki, Elçin Məmmədov klubların martda başa çatacaq lisenziyalaşdırmasına dair fikir və iradlarını səsləndirib: "Bilirsiniz, bu gün biz iclasımızın gündəliyinə aktual məsələləri daxil edirik. Elə məsələlər var ki, yeni mövsümdən tətbiq olunacaq. Elələri də var ki, indidən həlli lazımdır. Lisenziyalaşma prosesi martda başa çatır. Bununla bağlı böyük problemlər var. Ona görə də gərək Lisenziyalaşma Qrupunun rəhbəri klublarla birbaşa ünsiyyətdə olsun, öz fikir və iradlarını çatdırsın. Qızıldan qiymətli vaxtlarını sərf edərək, klubların dəvətini qəbul etdikləri üçün təşəkkürümüzü bildiririk".

İclasda legioner limiti ətrafında da geniş müzakirələr aparılıb. Bu məsələ ilə bağlı müxtəlif təkliflər irəli sürülüb. T.Nadirovun sözlərinə görə, bəzi klubları hazırkı limit qane edir, bəziləri isə limitin sadələşməyini istəyirlər. Bu səbəbdən klub rəhbərləri öz məşqçiləri ilə məsləhətləşəcəklər: "Həm də biz AFFA-dan növbəti iclas üçün statistik məlumat istəyirik ki, görək durum nə yerdədir. Qərarı ölçüb-biçib verməliyik. Bilirsiniz, hər il legioner limitini dəyişdirmək də müsbət hal deyil. Əksinə, ziyanlıdır".

Eyni zamanda, klubların oyunlarının analizini aparan İnstat şirkəti ilə bağlı məsələ də müzakirə mövzusu olub. Komitə qərara alıb ki, klublar şirkətlə ayrı-ayrılıqda, pərakəndə görüşüb-danışmaqdansa, bu məsələnin düzgün nizamlanması üçün birbaşa rəhbərliklərini dəvət edərək ünsiyyətdə olsunlar və məlumatlar klublara ucuz və keyfiyyətli şəkildə təqdim edilsin.

23 yaşadək futbolçuların maaşlarının həcminə dair məsələlər də diqqət mərkəzində olub. T.Nadirovun sözlərinə görə, söhbət futbolçuların əmək haqlarının aşağı salınmasından və ya artırılmasından getmir: "Bəzi futbolçular var ki, layiq olduqlarından aşağı alırlar. Məqsədimiz odur ki, Klublar Komitəsi olaraq birləşib yerli futbolçuların xaricə getməyinə təkan verək. Küsdürmək vasitəsilə yox. Klub ya futbolçunu əsas heyətə cəlb etməklə, ya da satmaqla ondan yararlanır. Bunlardan başqa yolu yoxdur. Biz də doğru-düzgün şəkildə bundan yararlanmalıyıq. Elə komandalar var ki, əvəzedici heyətindəki futbolçuları oynamağa yer tapa bilmir. Ya legionerlər o yeri zəbt ediblər, ya da başqa səbəblər var. Klub rəsmilərindən biri hər bir komandanın "18-liy"ində heyətində 2 yetirməsinin olmasını təklif etdi. Özü də bunun məcburi şəkildə tətbiqini istədi. Yəni belə bir qayda klubun öz yetirmələrinə yol açır ki, oynasınlar, ustalıqlarını artırsınlar".

Komitə sədri bildirib ki, növbəti iclaslardan birinə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev də dəvət olunacaq: "Bizi maraqlandıran bəzi məsələlər var. Lazım gəlsə, Ramin müəllimin məsləhətləri dinləniləcək. Uzun müddətdir yerli çempionatın təşkili ilə onlar məşğul olduqlarından onların təcrübəsinə ehtiyacımız var".

Topazın nümayəndələri isə iclasa qatıla bilməyib. Buna "Azəridmanservis"in baş direktoru Azər Məhərrəmov və "Azinteltek"in rəhbəri Ahmet Sezerin hazırda Türkiyədə olması səbəb olub. T.Nadirovun sözlərinə görə, hər iki şəxslə əlaqə saxlanılıb: "Onlar bildirdilər ki, müzakirələrdə iştirak etməyə, klublarla sıx əlaqədə olmağa tam hazırdırlar. Onları da bu gün dəvət etsəydik, gərək axşam 9-dək oturardıq. Onsuz da canlı yayımla bağlı məsələlər yeni mövsümdən tətbiq olunacaq. Onadək vaxtımız var".

Komitə sədri bildirib ki, daha aktual məsələlər AFFA İcraiyyə Komitəsinin növbəti iclasınadək müzakirəyə çıxarılacaq: "Həmin vaxtadək daha bir iclasımız olacaq. Bu gün qəbul olunan qərarlardan bəziləri həmin iclasa çıxarılacaq. Nizamnamədə dəyişikliklər və digər məsələləri nəzərdə tuturam. Bəzi məsələləri isə klublar öz məşqçiləri, idarə heyətləri ilə məsləhətləşərək növbəti iclasda səsverməyə qoyacaqlar. Məsələlər çoxdur, onları açıqlayıb müzakirə etmək düzgün deyil. Çünki yekun qərarlar qəbul edildikdən sonra açıqlanacaq. Burada açıqlasaq, sabah onu başqa formada qabardacaqlar ki, filan məsələyə ziddir. Müəyyən məsələlər var ki, klubların marağından irəli gəlir, onlara baxılmalıdır".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi