“Kəpəz”in kapitanı: “Komandaya xeyir verəcək futbolçular tapmaq lazımdır”

“Kəpəz”in kapitanı: “Komandaya xeyir verəcək futbolçular tapmaq lazımdır” “Sonuncu yerdə olduqda dəyişikliklər qaçılmazdır”
Futbol
8 Yanvar , 2018 15:38
“Kəpəz”in kapitanı: “Komandaya xeyir verəcək futbolçular tapmaq lazımdır”
“Kəpəz”in kapitanı Şəhriyar Rəhimov / Report/ Firi Salim

Bakı. 8 yanvar. REPORT.AZ/ “Hazırlıq prosesi məşqçilər korpusunun təyin etdiyi plana uyğun şəkildə davam edir. İndi fiziki hazırlıq üzərində çalışırıq. Taktiki çalışmalar və yoxlama matçları isə Antalya toplanışı zamanı olacaq”. 

Bunu “Report”a açıqlamasında “Kəpəz”in kapitanı Şəhriyar Rəhimov komandanın hazırlıq prosesini dəyərləndirərkən deyib. Təlim-məşq toplanışının ilk mərhələsini Bakıda gerçəkləşdirən Gəncə təmsilçisi bu gün Azərbaycan Dövlət Bədən Tərbiyəsi İdman Akademiyasının stadionunda hazırlıq keçib. 29 yaşlı müdafiəçinin fikrincə, qış fasiləsi “Kəpəz”in xeyirinə olacaq: “Artıq avrokuboklara vəsiqə qazanmaq çətin olsa da, sonuncu pillədən qurtula bilərik. Gəncə klubunun adına layiq olmayan yerdəyik. Vəziyyəti dəyişmək üçün əlimizdən gələni edəcəyik. Üst pillələrdə qərarlaşan kollektivlərlə aramızdakı xal fərqi elə də böyük deyil. “Keşlə”dən 1 xal geri qalırıq. Məşqçilər korpusu komandanı gücləndirməyə çalışır. Qış fasiləsinin xeyirimizə olacağına inanıram”.

Fasilə zamanı heyətdəki dəyişikliklər barədə də danışan Rəhimov bildirib ki, komandanın gücləndirilməsinə ehtiyac var. Onun sözlərinə görə, yeni gələnlər göndərilənlərdən güclü olmalıdırlar: “Komanda sonuncu yerdə gedəndə dəyişikliklər qaçılmazdır. Bu, gözlənilən gedişatdır. Fasilə zamanı 11 oyunçu getdi. Bu da məşqçilər korpusunun qərarıdır və buna hörmətlə yanaşmaq lazımdır. Əsas odur ki, gələn futbolçular daha güclü olsunlar. Düzdür, qış fasiləsində oyunçu tapmaq çətindir. Amma komandaya xeyir verəcək futbolçular tapmaq lazımdır. Əvvəlki heyətdən 5-6 nəfərin gedəcəyi öncədən gözlənilirdi. Amma bəzi futbolçuların ayrılacaqlarını təxmin etmirdik. Hər halda, bu, baş məşqçinin qərarıdır. Hər bir mütəxəssisin öz oyun tərzi var”.

Qeyd edək ki, “Kəpəz” Azərbaycan Premyer Liqasında 14 turdan sonra 7 xalla sonuncu - 8-ci yerdə qərarlaşıb. Gəncə təmsilçisi 7-ci sıradakı “Keşlə”dən 1 xal geri qalır. Yunis Hüseynovun rəhbərlik etdiyi kollektiv yanvarın 17-dən fevralın 2-dək Türkiyənin Antalya bölgəsində toplanışda olacaq.

Son xəbərlər

Orphus sistemi