Azərbaycanın futbol hakimləri Mingəçevirdə təlim-məşq toplanışı keçir

Azərbaycanın futbol hakimləri Mingəçevirdə təlim-məşq toplanışı keçir Mingəçevir. 16 yanvar.REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasının oyunlarına təyinat alan hakimlərin Mingəçevir şəhərindəki təlim-məşq toplanışı davam edir.
Futbol
16 Yanvar , 2019 13:42
Azərbaycanın futbol hakimləri Mingəçevirdə təlim-məşq toplanışı keçir
Report

Mingəçevir. 16 yanvar.REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasının oyunlarına təyinat alan hakimlərin Mingəçevir şəhərindəki təlim-məşq toplanışı davam edir.

“Report”un Şirvan bürosu xəbər verir ki, yanvarın 12-dən start götürən toplanışın 5-ci günündə növbəti və praktik məşğələlər keçirilib. “Kür” Olimpiya Tədris İdman Mərkəzində təşkil olunan hazırlıq prosesinin ilkin mərhələsində Premyer Liqanı təmsil edən 26 nəfərlik baş hakim və hakim köməkçiləri iştirak edir. Onlardan 3-ü - Əliyar Ağayev, Rəhim Həsənov və Rauf Cabbarov beynəlxalq dərəcəlidir.

Təlimlərə AFFA Hakimlər Komitəsinin sədri Frits Ştuxlik rəhbərlik edir. Ötən müddət ərzində onun, təlimə məsləhətçi qismində qatılan UEFA Hakimlər Komitəsinin üzvü Kiros Vassarasın, eləcə də digər futbol mütəxəssislərinin iştirakı ilə nəzəri və praktik məşğələlər gerçəkləşib. Müxtəlif mövzuları əhatə edən təlimlərdə video-materiallardan və digər nəzəri vəsaitdən istifadə olunur. Günün sonunda isə proses qrup məsləhətləşmələri və komanda şəklində davam etdirilir.

İştirakçılar toplanışda fəallıq nümayiş etdirməklə yanaşı, hazırlıq proqramına uyğun olaraq hər təlim günü fiziki hazırlığın möhkəmləndirilməsi və praktik bacarıqlarının artırılması üçün qapalı zallarda, trenejor və fitnes bölmələrində, eləcə də Yaşar Məmmədzadə adına şəhər stadionunda praktik məşğələlər həyata keçirirlər.

Hakimlər Komtəsinin Hakimlər Departamentinin sədri Cavid Cəlilov "Report"a açıqlamasında təlimin ən yüksək səviyyədə davam etdiyini bildirib: “İstər toplanış üçün yer seçimi, istər burada yaradılan şərait, istərsə də təlimlərin gedişi nikbin fikirlər söyləməyə əsas verir. Bu, beynəlxalq standartlara cavab verən təlimdir. Əminəm ki, hakimlərimiz peşəkar bacarıqlarını daha da gücləndirəcəklər. Bu cür yüksək səviyyədə hazırlıq prosesinin təşkilinə görə AFFA rəhbərliyinə təşəkkürümüzü bildirirəm”.

Qeyd edək ki, Premyer Liqanın hakim və hakim köməkçilərinin yer aldığı birinci qrupun təlim-məşq toplanışı yanvarın 19-da başa çatacaq. I Divizionun hakim və hakim köməkçilərindən ibarət ikinci qrup isə 19 - 26 yanvarda hazırlıq keçəcək.

Son xəbərlər

Orphus sistemi