Yuxarı

Futbol üzrə Azərbaycan Premyer Liqasında gümüş mükafatçı məlum olub

​Zirə cari mövsümdə ikinci yeri özünə təmin edib

Bakı. 15 may. REPORT.AZ/ Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXXV turun oyunları keçirilib.

"Report"un məlumatına görə, turun bütün görüşləri eyni saatda start götürüb.

"Zirə" doğma meydanda Gəncənin "Kəpəz" klubunu qəbul edib. Qarşılaşma 2:2 hesabı ilə başa çatıb. Bununla da "Zirə" cari mövsümün gümüş medalını təmin edib. "Kəpəz" isə xal ehtiyatını 56-ya çatdıraraq "İnter"lə 3 və 4-cü pilləni bölüşür.

Turnir cədvəlinin vahid lideri "Qarabağ" autsayder "Rəvan"ın qonağı olub. "Bayıl Arena"da gözlənilməz nəticə qeydə alınıb. "Rəvan" lideri məğlub edib - 2:1. Bəhmən Həsənovun rəhbərlik etdiyi komanda xallarını 17 çatdırıb.

Paytaxt derbisində "Neftçi" və "İnter" komandaları üz-üzə gəlib. Oyunda hesabı "bankirlər" açsa da qələbəni əldən veriblər. "Neftçi" bu görüşdən 4:2 hesablı qələbə ilə ayrılıb. Nəticədə "İnter" mövqeyini itirərək "Qəbələ" və "Kəpəz"lə 3, 4 və 5-ci pillələri bölüşür. "Neftçi" isə 49 xalla 6-cı pilləyə qalxıb.

Cari mövsüm istədiyi nəticəni qazana bilməyən "Xəzər Lənkəran" "Sumqayıt"ı qonaq edib. Oyun qonaqların 1:2 hesablı qələbəsi ilə yekunlaşıb. "Ağ-yaşıllar" bu məğlubiyyət sayəsində turnir cədvəlinin sonuncu pilləsinə enib.

"Qəbələ" isə AZAL-ı sınağa çəkib. Avrokuboklara vəsiqə qazanmış Roman Qriqorçukun rəhbərlik etdiyi komanda 2:0 hesablı qələbəni bayram edib və xallarını 56-ya yüksəldib. "Qəbələ" Bakının "İnter" klubu və "Kəpəz"lə 3, 4 və 5-ci pillələri bölüşür.

Qeyd edək ki, Azərbaycan Premyer Liqasının 2015/2016 mövsümünə mayın 21-də keçiriləcək 36-cı turun oyunları ilə yekun vurulacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi