"Qəbələ"nin legioneri: "İki həftə otağımdan çıxmadım"

"Qəbələ"nin legioneri: "İki həftə otağımdan çıxmadım" “İki həftədən çoxdur ki, İspaniyaya dönmüşəm. Hazırda Viqo şəhərindəki evimdəyəm”.
Futbol
8 Aprel , 2020 12:59
Qəbələnin legioneri: İki həftə otağımdan çıxmadım

“İki həftədən çoxdur ki, İspaniyaya dönmüşəm. Hazırda Viqo şəhərindəki evimdəyəm”.

Bu fikirləri “Report”a açıqlamasında “Qəbələ”nin ispaniyalı futbolçusu Fernan Lopes koronavirus pandemiyasına görə ölkəsinə qayıtması barədə danışarkən deyib.

25 yaşlı yarımmüdafiəçi bildirib ki, vətəninə getmək üçün əvvəlcə Bakıdan Londona uçub: “Həmin vaxt yalnız Moskva və Londona uçuşlar var idi. Əvvəlcə İngiltərənin paytaxtına, oradan isə Madridə uçdum. Daha sonra qatarla doğma şəhərim Viqoya yollandım”.

F.Lopes ölkəsinə qayıtdıqdan sonra iki həftə özünü təcrid etdiyini vurğulayıb: “Məndə xəstəliyin simptomları olmadığı üçün koronavirus testindən keçmədim. Amma ailə üzvlərimlə əlaqədə olmamaqdan ötrü öz otağımdan 14 gün çıxmadım. Çünki simptomlar özünü göstərməsə belə, siz daşıyıcı ola və iki həftə ərzində bunu yaya bilərsiniz. Sevindirici haldır ki, belə problem olmadı. Bu da səfər zamanı lazımı tədbirləri görməyimlə əlaqədar idi”.

Azərbaycandakı digər ispaniyalı legionerlərdən fərqli olaraq, yalnız Fernan Lopes ölkəmizi tərk edib. Lopes qərarını Bakıda tək qalmaqdansa, İspaniyada ailəsinin yanında olmağı üstün tutması ilə əlaqələndirib: “Bu, elə də asan vəziyyət deyil. Karantin dövrünün nə qədər davam edəcəyini bilmirik. Hətta bir neçə ay çəkə bilər. Düşündüm ki, Bakıda tək qalmaqdansa, bu müddəti ailəmin yanında keçirmək daha yaxşıdır. Klub rəhbərliyi icazə verdi, mən də evimə qayıtdım. Premyer Liqa bərpa olunan kimi dərhal Bakıya qayıdacağam”.

Futbolçu yaxınlarından heç kimin koronavirusa yoluxmadığını, hamısının sağlam olduğunu əlavə edib.

Son xəbərlər

Orphus sistemi