Fariz Nəcəfov: "Haqsızlığı ört-basdır edən klub rəsmilərinə salam verməyəcəyəm"

Fariz Nəcəfov: "Haqsızlığı ört-basdır edən klub rəsmilərinə salam verməyəcəyəm" "Hər dəfə haqsızlıq olanda mən bu məsələni qabartmışam"
Futbol
15 Fevral , 2017 14:59
Fariz Nəcəfov: Haqsızlığı ört-basdır edən klub rəsmilərinə salam verməyəcəyəm

Bakı. 15 fevral. REPORT.AZ/ "Qəbələ" futbol klubunun vitse-prezidenti Fariz Nəcəfov Azərbyacan Premyer Liqasının XIX turu çərçivəsində "Qarabağ"a qarşı keçirəcəkləri oyunun idarə etmək üçün əcnəbi hakim dəvət olunmasına münasibət bildirib.

"Report"un məlumatına görə, klub rəsmisi AFFA Klublar Komitəsinin bugünkü iclasından sonra təşkil olunan brifinqdə bildirib ki, əcnəbi hakimin dəvət edilməsi yaxşı hal deyil: "Qəbələ" 2010-cu ildən iddialı olmağa başlayıb. Bunadək büdcəmiz çox aşağı idi. O vaxtdan hər dəfə haqsızlıq olanda mən bu məsələni qabartmışam. Hakimlik məsələsinə gəldikdə, xaricdən dəvət olunmaları istəməyə utanmışam. Çünki xaricdən gətirməklə "Bizdə ədaləti qoruya bilən adam yoxdur" demiş oluruq. Mən bunu bir azərbaycanlı kimi deməyə utanıram. Qoy utansınlar o adamlar ki, elə imici formalaşdırırlar. Bizi belə düşünməyə məcbur edirlərsə, qoy, utansınlar. Əlbəttə, mən də istəyirəm ki, hər oyunda ədalət qorunsun. Amma belə şəraitdə adam məcbur qalır ki, oyunları xaricilərin idarə etməsi haqda fikirləşsin. Söhbət təkcə "Qarabağ"a qarşı oyundan getmir. Növbəti turda bu komanda ilə oyunumuzdakı hakim idarəçiliyi ədalətli ola bilər. Amma digər komandalarla oyunlarımızda eyni hal baş verir axı.." 

Vitse-prezident AFFA Hakimlər Komitəsinə əcnəbi sədrin gətirilmə məsələsinə dair təklifdən danışarkən, klub olaraq bu barədə mövqe bildirmək istəmdiklərini söyləyib: "Məncə, biz hakimləri həddən artıq müzakirə edirik. Siz danışdırırsınız, mən də danışıram. Amma burada bir məsələ var. Klub olaraq, bu barədə danışmağımız düzgün deyil. Çünki müvafiq qurum var. Bir şeyi deyə bilərəm ki, məsələ hamının qərəz gördüyü vaxt Hakimlər Komitəsin rəhbəri, ona yaxın adamlar, hakim-inspektorlar səhv saydıqda və ya ümumiyyətlə səhv görmədikdə pik nöqtəsinə çatır. "Qarabağ"la oyundakı şübhəli penalti epizodunu bir neçə əcnəbi hakimə göndərdik. Hamı birmənalı olaraq, "penalti deyil" cavabını verdi. Amma təəssüf ki, burada həmin məsələyə başqa cür yanaşdılar".

F.Nəcəfov ardıcıl 2 oyunda - "Neftçi" və AZAL-la qarşılaşmalarda "Qəbələ"nin lehinə hakim qərarlarının verildiyini xatırladaraq, bunun əleyhinə olduqlarını vurğulayıb. O, eyni zamanda "Zirə" ilə ötən tur matçının yan xətt hakimi Zeynal Zeynalovdan narazılıq ifadə edib: "Neftçi" ilə oyunda ofsayddan qol vurduq. İstəmirəm. Açıq-aydın deyirəm ki, həmin hakim kimdirsə, sağ olsun. Amma elə səhvi bilərəkdən və ya bilməyərəkdən etməsin. Ondansa Fariz Yusifov Ruslan Abışovun ikinci sarı vərəqəsini verərdi. Bu, olardı ədalətli qərar. Nə "Neftçi" inciyərdi, nə biz narazı qalardıq. 10 nəfəri udardıq, yoxsa uduzardıq, bu, artıq öz işimizdir. Yaxud "Zirə" ilə son qarşılaşma olsun. Yan xətt hakimi Zeynal Zeynalov dəfələrlə bizim oyunlarımızda qərəzli qərarlar verib. "Qəbələ" - "Qarabağ" matçında Rəşad Sadiqova qırmızı verdirdi. Onun iş başında olduğu oyunlarda dəfələrlə ofsayddan qollar vurulub. Hamısı da əleyhimizə olub. "Zirə" ilə görüşdə sarı vərəqəni də o verdirdi, ofsayddan qolu da o qeydə almadı. Halbuki, mövqeyinə baxsanız, həmin epizodu necə aydınlıqla gördüyünün şahidi olarsınız. Düz xəttin üstündən görür. Niyə, hansı səbəbə qeydə almır?"

Nəcəfov hakimlərin hansı səbəbdən səhvə yol verdiklərini və qərəzli qərar qəbul etdiklərinə dair suala cavab verərkən bildirib ki, məsələyə birmənalı yanaşmaq olmur: "Mən bunun səbəbini fakt-sübutlarla bilsəydim, açıq-aşkar ortaya qoyardım ki, məsələ belədir. Ya arxaya çəkilərdim ki, gücüm çatmır, ya da üstünə gedib sonuna çıxardım. Amma məsələyə birmənalı yanaşmaq olmur ki, bu, nədən qaynaqlanır. Hər halda baş verir. Hadisəni siz də yaşayırsınız, mən də görürəm. Klublar Komitəsində də bunu açıq-aşkar bildirdim. Baxmayaraq ki, bəziləri AFFA işçiləridir, klubları idarə edirlər. AFFA-nı da başa düşürəm. Klublar ortada qalmamalıdırlar. Arxa durduqları üçün sağ olsunlar. Onlar olmasa, futbolumuz da olmaz. Amma hər şeyin son nöqtəsi var. Bütün klubların rəhbərlərinə müraciət etdim ki, haqqsızlığı deməyə bilərsiniz, amma bu gündən haqsızlığı ört-basdır edən adama salam verməyəcəyəm".

Son xəbərlər

Orphus sistemi