Farer adaları ilə qarşılaşma Qurban Qurbanov üçün ikiqat əlamətdar olacaq

Farer adaları ilə qarşılaşma Qurban Qurbanov üçün ikiqat əlamətdar olacaq Azərbaycan millisinin baş məşqçisi Farer adalarını 22 il əvvəl futbolçu kimi məyus edib
Futbol
8 Oktyabr , 2018 14:59
Farer adaları ilə qarşılaşma Qurban Qurbanov üçün ikiqat əlamətdar olacaq
0 : 00
0 : 00

Bakı. 8 oktyabr. REPORT.AZ/ UEFA Millətlər Liqasının III turunda Farer adaları ilə səfər matçı Azərbaycan millisinin baş məşqçisi Qurban Qurbanov üçün ikiqat əlamətdar olacaq.

“Report” xəbər verir ki, 46 yaşlı mütəxəssis komandalarını həm futbolçu, həm də baş məşqçi kimi məğlub etdiyi ölkəyə qarşı çıxış edəcək. 

Qurbanov futbolçu qismində 27 fevral 1996-cı ildə Azərbaycan millisinin Farer adalarını 3:0 hesabı ilə yendiyi görüşdə qol vurub. Kiprin Larnaka şəhərində keçirilmiş yoldaşlıq matçında hesabı 10-cu dəqiqədə Vyaçeslav Lıçkin açıbsa, 23-cü dəqiqədə Yunis Hüseynov fərqi artırıb. Qarşılaşmada son nöqtəni isə 30-cu dəqiqədə məhz Qurbanov qoyub.

Qurbanov baş məşqçi kimi də farerliləri məyus etməyi bacarıb. Düzdür, onun rəhbərlik etdiyi “Qarabağ” 2011/2012 mövsümündə Avropa Liqasının II təsnifat mərhələsində Farer adalarını təmsil edən “Streymur”u məğlub edə bilməyib. Lakin Bakıda 0:0, Torshavnda isə 1:1 hesablı heç-heçə qeydə alındığı üçün ağdamlılar səfər qolu sayəsində mərhələ adlayıblar. Həmin vaxt “Qarabağ”ın yeganə qolunun müəllifi Rauf Əliyev olub. Lakin o, Farer adaları və Malta ilə növbəti oyunlara dəvət almayıb. 

Əsas milli ilə yanaşı, Azərbaycanın U-21 yığmasının da Farer adaları yığması ilə yolu kəsişib. Bu komandalar AVR0-2008 və AVRO-2016-nın seçmə mərhələlirndə üz-üzə gəliblər. Birincisində adalılar öz meydanında 1:0 hesabı ilə qalib gəldikləri halda, Bakıda heç-heçə oynayıblar – 2:2. Növbəti dueldə isə Azərbaycan 1:0 hesablı səfər qələbəsinə sevinib, evdə isə heç-heçə edib - 1:1.

Azərbaycanın qızlardan ibarət U-17 komandası 2014-cü ildə Estoniyanın paytaxtı Tallində keçirilmiş beynəlxalq turnirdə rəqibinə 0:1 hesabı ilə məğlub olub.

Qeyd edək ki, oktyabrın 11-də "Torsvollur" stadionunda keçiriləcək Farer adaları – Azərbaycan matçı Bakı vaxtı ilə saat 22:45-də başlanacaq. Qurban Qurbanovun rəhbərlik etdiyi yığma Maltanı oktyabrın 14-də IV tur çərçivəsində qəbul edəcək.

Son xəbərlər

Orphus sistemi