​Elnur Məmmədov: ""Neftçi"dən gedən insanların hamısı öz ərizələri ilə gedib" - MÜSAHİBƏ

​Elnur Məmmədov: ""Neftçi"dən gedən insanların hamısı öz ərizələri ilə gedib" - MÜSAHİBƏ "Bir çox sahələr üzrə çalışanlar da öz vəzifələrində qaldı"
Futbol
30 Aprel , 2015 19:15
​Elnur Məmmədov: Neftçidən gedən insanların hamısı öz ərizələri ilə gedib - MÜSAHİBƏ

Bakı. 30 aprel. REPORT.AZ/ "Neftçi" klubunun icraçı direktoru Elnur Məmmədovun "Report"a müsahibəsi

- İcraçı direktor kimi bir ay vaxt verilmişdi ki, yeni struktur hazırlansın. Hazırda məsələ nə yerdədir?

- Bəli, həmin struktur həmin tarixdən iki həftə sonra hazırlanıb və təqdim olunub. Artıq Müşahidə Şurası tərəfindən həmin struktur təsdiq edilib. Həmin struktura uyğun olaraq ştat cədvəlində müəyyən dəyişikliklər olub.

- Struktur dəyişikliyində Müşahidə Şurasının sədri Çingiz Abdullayevə yaxın adamların kluba gətiriləcəyi ilə bağlı nə deyə bilərsiniz?

- Yaxşı olardı ki, yeni ştat cədvəli təsdiqləndikdən sonra sizi dəvət edək və gəlib köhnə ilə müqayisə edəsiniz. Özünüz həmin fərqi görəcəksiniz. İstəyirik ki, gördüyümüz işlər əsaslı olsun. İlkin olaraq Vəli Qasımov, Dmitri Kramarenko və Mübariz Xudiyevin təyinatı təsdiqlənib. Bir çox sahələr üzrə çalışanlar da öz vəzifələrində qaldı.

- Yəni adlarını sadaladığınız 3 nəfərdən başqa heç kimin təyinatı təsdiqlənməyib?

- Bu barədə iş gedir.

- Vaqif Musayev mətbuata açıqlamasında istefası ilə bağlı maraqlı açıqlamalar verib. Bu barədə nə deyərdiniz?

- Bəli, həmin fikirlərlə tanışam. Bu məsələnin çox xırdalığına getmək istəmirdim. Buradan gedən insanların hamısı öz ərizələri ilə gedib. Hamısı ilə görüşüb, danışıb yola salmışıq. Hamı ilə də öpüşüb-görüşüb sağollaşmışıq. Hətta təklif etmişik ki, gedənləri normal, kollektivin qarşısında təqdim etmək və təşəkkür etməklə yola salaq. Ancaq mətbuatda yazılanları oxudum. Hər bir insan özü vasitə seçir. Bizim telefonlarımız açıqdır və istənilən əməkdaş da gəlib hər bir məsələni müzakirə edə bilər. Çünki "Neftçi" ictimaiyyətin klubudur.

- Marketinq şöbəsinin rəisi Zaur Mütəllimov da artıq "Neftçi" ilə yollarını ayırıb...

- Məsələ ondadır ki, heç kim burdan göndərilməyib. Onların hamısı öncədən bildirmişdilər ki, bir ay işləyib gedəcəklər. İndi nəyə görə belə reaksiya olduğunu başa düşə bilmirəm. Artıq onlar mühasibatlıqdan da öz hesablarını öyrənmişdilər. Onlar uzun müddət klubda çalışmış adamlardır. Heç kim də onların zəhmətinə xələr gətirə bilməz. Zaur müəllim bütün işlərini tamamlayandan sonra özü müraciət etdi ki, mənə başqa yerdə iş təklif olunub və getməliyəm.

- Yəni sırf başqa iş təklif olunduğu üçün Zaur Mütəllimov "Neftçi"dən gedib...

- Yox, artıq struktur dəyişikliyi olanda özü dedi ki, mən başqa yerə gedəcəm. Buna baxmayaraq, o, bir ay bizimlə qaldı, oyunun təşkilində köməklik etdi və klubla bağlı bütün işlərini bitirib getdi. Hərə getmək üçün bir yol seçir.

- Maraqlısı ondadır ki, bu şəxslər niyə indiyədək yox, struktur dəyişikliyindən sonra "Neftçi"dən gedirlər?

- Struktur dəyişikliyinə qədər bir ay müddətində orada işlər görülməli idi. Artıq həmin işləri bitirdikdən sonra gəlib dedilər ki, gedirik.

- Marketinq departamentinin yeni rəhbəri kim olacaq?

- Yeni ştat cədvəli təsdiq olunandan sonra ictimaiyyətə məlumat veriləcək.

- Transferlərlə bağlı yeni bir departamentin yaradılacağı deyilir...

- Xeyr, elə bir şey yoxdur. Bizdə seleksiya xidməti olub və təsdiq olunmuş strukturda da bu var. Müşahidə Şurası tərəfindən təsdiq olunmuş strukturda belə bir şey yoxdur.

- "Neftçi"nin mətbuat xidmətində də dəyişikliklər olacaq?

- Gündüz Abbaszadə bizimlədir və "Neftçi"nin Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəridir.

- İctimaiyyət "Sumqayıt" klubunun prezidenti Kamran Quliyevi və sizi AFFA-nın baş katibi Elxan Məmmədovun kadrı kimi tanıyır. K.Quliyev dəfələrlə Elxan Məmmədovun "Sumqayıt"ın işlərinə müdaxilə etməsini təkzib edib. Sizdə necə, baş katibin kadrı olduğunuz üçün işlərinizə müdaxilə olunur?

- AFFA-da 6 il çalışmışam və həmin illər mənim üçün vacib və yaddaqalan olub. Orada qazandığım təcrübəyə, dəstəyə görə federasiya prezidenti Rövnəq Abdullayevə, baş katib Elxan Məmmədova, vitse-prezidentlərə təşəkkürümü bildirirəm. Orada işləməyimiz, beynəlxalq təcrübələrin qazanılması üçün hər bir şərait yaradılıb. Bu gün idman sahəsində az-çox qazandığımız təcrübə federasiya ilə bağlıdır. Biz federasiyada çalışmışıq və böyük sevinclə həmin qapını açıram. Çünki orada böyük dostlarım var. AFFA-nın əsas məqsədlərindən biri klubları inkişaf etdirməkdir. Mən bunu gizlətmirəm və fəxrlə qeyd edirəm. Çox sevinirəm ki, federasiyada oradakı insanların rəhbərliyi altında çalışmışam.

Son xəbərlər

Orphus sistemi