Əfran İsmayılov: "Əsas məqsəd "Səbail" üzərində qələbə qazanmaq idi"

Əfran İsmayılov: "Əsas məqsəd "Səbail" üzərində qələbə qazanmaq idi" "Qarabağ"ın futbolçusu bugünkü oyunu dəyərləndirib
Futbol
27 Oktyabr , 2017 22:27
Əfran İsmayılov: Əsas məqsəd Səbail üzərində qələbə qazanmaq idi

Bakı. 27 oktyabr. REPORT.AZ/ "Qarabağ"ın futbolçusu Əfran İsmayılov evdə "Səbail"i 1:0 hesabı ilə yendikləri Topaz Premyer Liqasının X tur matçından sonra brifinq keçirib.

"Report"un məlumatına görə, qələbə topunun müəllifi jurnalistlərin suallarını cavablandırıb:

- Meydana sonradan daxil olsan da, qələbə topunu vurdun. Bu, "Atletiko" ilə İspaniyada keçirəcəyiniz Çempionlar Liqası matçında meydana çıxmağa hazır olduğuna dair mesaj deyildi?

- Əsas məqsəd "Səbail" üzərində qələbə qazanmaq idi. Bu gün "Atletiko"nu düşünmürdük. Hələ Madriddəki oyuna 4 günümüz var.

Bu gün isə görüş 0:0 hesabı ilə bitməyə doğru gedirdi. Son dəqiqələrdə vurduğumuz qolla qələbə qazandıq. Doğrudan da çox istəkli, çox yaxşı komandaya qarşı oynayırdıq. "Səbail" yeni yaransa da, liderə qarşı gücünü göstərdi. Maraqlı rəqabət gedir.

Deyirlər ki, çempionatımız zəifdir. Amma gördüyünüz kimi, bu, heç də belə deyil. Hamı deyirdi ki, "Qarabağ" bir ayaqla qalib gələcək. Lakin çox çətin, ağır oyun oldu.

"Atletiko" ilə qarşılaşmada kimin oynayacağına isə baş məşqçimiz Qurban Qurbanov qərar verəcək. Kim meydana çıxsa, əlindən gələni etməlidir. Çünki Madriddə tam fərqli ab-hava olacaq.

- Cərimə zərbəsini yerinə yetirdiyin vaxt qol olacağına inamın var idi?

- Düşünürdüm ki, mənim zərbə nöqtəmdir. Zərbəni sağ ayaqla vurmaq istəyirdim. Riçard Almeyda və Dani Kintana solaxaydır. Topa Dani yaxınlaşmaq istəyirdi. Amma ondan xahiş etdim ki, qoy, mən vurum. O da razılaşdı. Vurdum və qol oldu. Burada qeyri-adi bir şey yoxdur.

- "Atletiko"nu düşünmədiyinizi dedin. Amma belə rəqibi düşünməmək olmazdı...

- Elə rəqibləri düşündüyümüz üçün də çempionat oyunlarımız bu cür çətin keçir. Fikrimiz orada qalır, özümüz isə daxili oyunlara boşalmış halda çıxırıq. Nəticədə qarşılaşmalarımız çətin alınır. Ona görə də bu gün "Səbail"i düşünürdük. Sevinirik ki, qələbə qazandıq. Bundan sonra "Atletiko" ilə səfər oyununu düşünəcəyik.

- Hakimlik barədə nə düşünürsən?

- İndiyədək bu haqda çox danışmamışam. Baş hakim nə qərar verirsə, deməli, doğrudur. Hər yerdə - burada da, Avropa da hakimlərin səhvi olur. Heç bir problem yoxdur.

Son xəbərlər

Orphus sistemi