Bakı. 18 yanvar. REPORT.AZ/ Fransanın PSJ klubunun futbolçusu Edinson Kavani rəsmi matçlarda qol sayına görə Zlatan İbrahimoviçin rekorduna şərik olub.
“Report” xəbər verir ki, 31 yaşlı forvard Liqa 1-in XXI turunda “Dijon”la matçın 21-ci dəqiqəsində hesabı 3:0 edib. Bu, uruqvaylı futbolçunun 156-cı qolu olub. Hazırda İngiltərənin “Mançester Yunayted” komandasının formasını geyinən İbrahimoviç də eyni göstəriciyə malikdir.
PSJ-nin 8 cavabsız qalib gəldiyi görüşdə Neymar 4 dəfə fərqlənməklə “poker”ə imza atıb.
Qeyd edək ki, Edinson Kavani cari çempionatda keçirdiyi 20 oyunda 20 qol vurub. Uruqvaylı forvardın meneceri “Keşlə” və “Neftçi”nin sabiq hücumçusu olan qardaşı Valter Quqlemondur.