Azərbaycan cüdoçuları Havana Qran-Prisindən və təlim-məşq toplanışından danışıb

Azərbaycan cüdoçuları Havana Qran-Prisindən və təlim-məşq toplanışından danışıb Rüstəm Orucov: "Bu qələbədə təlim-məşq toplanışlarının böyük rolu oldu"
Futbol
27 Yanvar , 2016 17:16
Azərbaycan cüdoçuları Havana Qran-Prisindən və təlim-məşq toplanışından danışıb

Bakı. 27 yanvar. REPORT.AZ/ "Braziliyadaki təlim-məşq toplanışı yüksək səviyyədə keçdi. Çox güclü və ağır məşqlər idi. Bu ölkənin müxtəlif cüdo məktəblərinin yetirmələri, eləcə də Rusiya və Kolumbiya idmançıları təlim-məşq toplanışında iştirak edirdilər". "Report"un məlumatına görə, bunu Kubanın paytaxtı Havanada keçirilmiş Qran-Pridə qızıl medal qazanan cüdo üzrə Azərbaycan milli komandasının üzvü Rüstəm Orucov (73 kq) federasiyanın mətbuat xidmətinə açıqlamasında deyib.

59 ölkə arasında 2-ci yeri tutmuş Azərbaycan milli komandasının üzvü yarışda güclü rəqiblərin olduğunu bildirib: "Çox güclü rəqiblərimin olmasına baxmayaraq, hamısını məğlub edərək qızıl medala sahib oldum. Təbii ki, qələbə qazanmağımda iştirak etdiyim toplantıların böyük rolu oldu. Ona görə də bu şəraiti yaratdıqlarına görə rəhbərliyimizə və məşqçilərə dərin minnətdarlığımı bildirirəm".

Qran-Prinin bürünc mükafatçısı Orxan Səfərov (60 kq) Braziliyadakı təlim-məşq toplanışın ağır, amma faydalı olduğunu bildirib: "Braziliyadaki təlim-məşq toplanışı bizə çox lazım idi. Olimpiada öncəsi oranı görmək, bu ölkəyə uyğunlaşmaq yerinə düşdü. Çox güclü komandamız var və hər şey proqram üzrə davam edir. Ağır məşqlərin və təlim-məşq toplanışlarının bəhrəsini olimpiadada görəcəyimizə əminəm. Kubadakı Qran-Pridə isə ölkəmizi layiqincə təmsil edib bayrağımızı göylərə ucaltdıq".

Daha bir bürünc mükafatçı Elxan Məmmədov (100 kq) isə komanda üzvlərinin yaxşı hazırlaşdıqlarını söyləyib: "Toplanış və yarış göstərdi ki, komandamızda hər çəkidə iştirak edən cüdoçular yaxşı hazırlıqlıdırlar. Qran-Pridə çox güclü rəqiblərlə üz-üzə gəldim. Qarşılaşdığım üç rəqib dünya və Olimpiya mükafatçıları idi. Amma buna baxmayaraq, şükürlər olsun ki, medalsız qalmadım və bürünc medala sahib oldum".

Qeyd edək ki, Azərbaycan cüdoçuları Peter Zayzenbaherin rəhbərliyi altında Braziliyada təlim məşq toplanışı keçib. Komanda toplanışdan sonra Havana Qran-Prisində iştirak edib.

Son xəbərlər

Orphus sistemi