Çempionlar Liqasının qrup mərhələsində II tura start veriləcək

Çempionlar Liqasının qrup mərhələsində II tura start veriləcək "Real Madrid" Moskvada MOİK-in qonağı olacaq
Futbol
2 Oktyabr , 2018 07:30
Çempionlar Liqasının qrup mərhələsində II tura start veriləcək

Bakı. 2 oktyabr. REPORT.AZ/ Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsində II tura start veriləcək.

"Report" xəbər verir ki, ilk oyun günündə 4 qrupda 8 qarşılaşma keçiriləcək. Turnirin son qalibi İspaniya "Real Madrid"i səfərdə Rusiya MOİK-i ilə üz-üzə gələcək. İspaniya klubu ilk turda evdə İtaliya "Roma"sını 3:0 hesabı ilə məğlub edib. MOİK isə səfərdə Çexiya "Viktoriya"sı ilə bərabərə qalıb - 2:2. 

Madrid təmsilçisi bu qarşılaşmada 4 əsas futbolçusunun xidmətindən yararlana bilməyəcək. Serxio Ramos, İsko, Marselo və Qaret Beyl zədə səbəbindən matçda iştirak etməyəcək. Meydan sahiblərindən isə Viktor Vasin, Konstantin Kuçayev, Kristian Bistroviç, Xetaq Kosonov və Abel Ernandes zədəli olduqları üçün bu görüşü buraxacaqlar.

İtaliya "Yuventus"u İsveçrənin "Yanq Boyz"unu qəbul edəcək. Turin təmsilçisi I turda İspaniya "Valensiya"sını 2:0 hesabı ilə yenib. İsveçrə klubu isə evdə İngiltərənin "Manşester Yunayted" komandasına uduzub - 0:3. Meydan sahiblərinin ulduz futbolçusu Kriştianu Ronaldu ilk turda qırmızı vərəqə aldığı üçün bu matçda iştirak etməyəcək. Son İtaliya çempionu həmçinin, zədəli Duqlas Kostanın xidmətindən yararlana bilməyəcək. Qonaqların heyətində isə Qreqori Vütrix, Cordan Lotomba və Pedro Teyşeyranın bu görüşdə iştirak etməyəcəkləri dəqiqdir.

Günün digər maraqla gözlənilən oyunu Almaniyada baş tutacaq. "Bavariya" Hollandiya "Ayaks"ı ilə münasibətlərə aydınlıq gətirəcək. Münhenlilər qrup mərhələsinin ilk oyununda səfərdə Portuqaliya "Benfika"sını 2:0 hesabı ilə üstələyib. "Ayaks" isə evdə Yunanıstan AEK-ini məğlub edə bilib - 3:0 .

Meydan sahiblərinin heyətində Rafinya, Korenten Tolisso, Kinqsli Koman bu görüşü buraxacaq. Hollandiya klubunda isə Coel Veltman, Deili Sinkqraven, Burema Bande və Vaçlav Çerni zədəlidir.

Çempionlar Liqası, II tur

2 oktyabr

E qrupu

23:00. AEK (Afina, Yunanıstan) - "Benfika" (Portuqaliya) 

23:00. "Bavariya" (Münhen, Almaniya) - "Ayaks" (Hollandiya) 

F qrupu 

20:55. "Hoffenhaym" (Almaniya) - "Mançester Siti" (İngiltərə) 

23:00.  "Lion" (Fransa) - "Şaxtyor" (Donetsk, Ukrayna)  

G qrupu 

23:00. MOİK (Moskva, Rusiya) - "Real Madrid" (İspaniya) 

23:00. "Roma" (İtaliya) - "Viktoriya" (Plzen, Çexiya) 

H qrupu 

20:55. "Yuventus" (İtaliya) - "Yanq Boyz" (İsveçrə) 

23:00. "Mançester Yunayted" (İngiltərə) - "Valensiya" (İspaniya)

Qeyd edək ki, Çempionlar Liqasının II turuna oktyabrın 3-də yekun vurulacaq. 

Son xəbərlər

Orphus sistemi