Yuxarı

​Çempionlar Liqasında daha iki 1/4 finalçı müəyyənləşir

Oyunlar Rusiya və İngiltərədə keçiriləcək

Bakı. 9 mart. REPORT.AZ/ Bu gün futbol üzrə Çempionlar Liqasında 1/8 final mərhələsinin daha 2 cavab görüşü keçiriləcək. "Report"un məlumatına görə, diqqətlər Rusiya və İngiltərəyə yönələcək.

"Zenit" klubu Sankt-Peterburqda Portuqaliya "Benfika"sını qəbul edəcək. İlk görüşdə minimal hesablı qələbə qazanan "Benfika" cavab görüşünə üstün tərəf qismində çıxacaq. Cavab matçında "Zenit"ə zədəli Domeniko Krişito, Denis Fayzullin və Xavi Qarsíya kömək edə bilməyəcəklər. "Benfika"da isə Jardel, Andre Almeyda, Lisandro Lopez, Julio Sezar və Luizao zədəlidir. "Benfika" istənilən hesablı heç-heçə və ya qələbə sayəsində adını ən güclü 8 komanda sırasına yazdıracaq. "Zenit" isə bunun üçün ən azı qapısından qol buraxmamaqla rəqib torunu 2 dəfə silkələməlidir.

Gecənin digər oyunu isə azarkeşlər tərəfindən daha maraqla gözlənilir. Bu matçda İngiltərənin "Çelsi" komandası ilə Fransa PSJ-si münasibətlərinə aydınlıq gətirəcək. İlk qarşılaşmada 1:2 hesabı ilə məğlub olan "zadəganlar" Kurt Zuma, Radamel Falkao və Con Terrinin xidmətindən yararlana bilməyəcək. Paris təmsilçisinin heyətində isə yalnız Serj Oryenin meydanda olmayacağı dəqiqdir. Marko Verratti və Blez Matüidinin oynayıb-oynamayacağı isə dəqiqləşməyib. PSJ-yə heç-heçə və qələbə növbəti mərhələ üçün kifayət edirsə, "Çelsi"ni minimal hesablı qələbə də növbəti mərhələyə çıxaracaq.  

Çempionlar Liqası, 1/8 final, cavab oyunları

21:00. "Zenit" (Rusiya) - "Benfika" (Portuqaliya)

Baş hakim: Viktor Kaşşai (Macarıstan)

Sankt-Peterburq. "Petrovski" stadionu

23:45. "Çelsi" (İngiltərə) - PSJ (Fransa)

Baş hakim: Feliks Brıx (Almaniya)

London. "Stemford Bric"

1/8 final mərhələsinin daha 4 cavab görüşü 15-16 martda keçiriləcək.

Qeyd edək ki, artıq ilk 1/4 finalçılar məlumdur. İspaniyanın "Real Madrid" və Almaniyanın "Volfsburq" komandaları adını növbəti mərhələyə yazdırıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi