UEFA Çempionlar Liqasının qrup mərhələsində V tura yekun vurulub.
"Report"un məlumatına görə, ikinci oyun günündə E, F, G və H qruplarındakı komandalar qarşılaşıblar. Qarşılaşmaların yekununda İspaniyanın "Barselona" və Almaniyanın "Leyptsiq" komandaları 1/8 finala vəsiqəni təmin ediblər.
F qrupunda yer alan "Barselona" mərhələni Almaniyanın "Borussiya" (Dortmund) komandası üzərində 3:1 hesablı ev qələbəsi sayəsində adlayıb. Kataloniya komandasının heyətində 700-cü matçını keçirən Lionel Messi qollardan birinin müəllifi olub.
"Barselona" - "Borussiya"
Qrupun digər matçında İtaliya "İnter"i Çexiyada "Slaviya"nı 3:1 hesabı ilə yenib. Nəticədə "Slaviya" 2 xalla qrupda qalıb.
G qrupundakı "Leyptsiq" isə 1/8 finala vəsiqəni Portuqaliya "Benfika"sı ilə ev oyununun uzatma dəqiqələrində təmin edib. Meydan sahibləri 0:2 hesabı ilə geridə olduqları vaxt səhnəyə Emil Forsberq çıxıb. İsveçli yarımmüdafiəçi "dubl" edərək, heç-heçədə önəmli rol oynayıb. Bununla da xalları 10-a çatdıran "Leyptsiq" növbəti mərhələni təmin edib. Rusiyada Fransa "Lion"una qalib gələn "Zenit" 2-ci pilləyə yüksəlib. İndi "Zenit"lə yanaşı, "Lion və "Benfika" da növbəti mərhələ şanslarını qoruyur.
"Zenit" - "Lion"
Turnirin son qalibi "Liverpul" İngiltərədə İtaliyanın "Napoli" klubuna məğlubiyyətdən yaxa qurtarmağı bacarıb. E qrupunun digər matçında "Genk" Belçikada Avstriya "Zaltsburq"una böyük hesabla uduzub - 1:4. Bununla da "Genk" 1 xalla qrupda qalıb. Qalan 3 komanda isə növbəti mərhələ uğrunda mübarizə aparacaq.
"Liverpul" - "Napoli"
Nəhayət H qrupunda "Valensiya" İspaniyada İngiltərənin "Çelsi" klubu ilə heç-heçəyə nail olub. Nəticədə "yarasalar" şəxsi oyunlardakı üstünlükləri sayəsində "zadəganlar"ı keçiblər.
"Valensiya" - "Çelsi"
Qrup liderliyinə isə yenə Hollandiya "Ayaks"ı yüksəlib. "Ayaks" bu tur Fransa "Lill"i üzərində inamlı qələbə qazanıb.
Beləliklə, Çempionlar Liqasının 1/8 final mərhələsinin 16 iştirakçısından yarısı artıq məlumdur. "Barselona" və "Leyptsiq"dən başqa bu hüquqa İngiltərənin "Mançester Siti" və "Tottenhem", İspaniyanın "Real Madrid", İtaliyanın "Yuventus", Almaniyanın "Bavariya", Fransanın PSJ klubları yiyələnib.
Çempionlar Liqası
Qrup mərhələsi, V tur
27 noyabr
E qrupu
24:00. "Liverpul" (İngiltərə) - "Napoli" (İtaliya) - 1:1
Qollar: Deyan Lovren, 65 - Dris Mertens, 21
24:00. "Genk" (Belçika) - "Zaltsburq" (Avstriya) - 1:4
Qollar: Alli Mbvana Samatta, Patson Daka, 43. Takumi Minamino, 45. Hi-Çan Hvanq, 69. Erlinq Braut Holand, 87
Xal durumu: "Liverpul" - 10, "Napoli" - 9, "Zaltsburq" - 7, "Genk" - 1.
F qrupu
24:00. "Barselona" (İspaniya) - "Borussiya" (Dortmund, Almaniya) - 3:1
Qollar: Luis Suares, 29. Lionel Messi, 33. Antuan Qrizmann, 67 - Ceydon Sanço, 77
24:00. "Slaviya" (Praqa, Çexiya) - "İnter" (İtaliya) - 1:3
Qollar: Tomaş Suçek, 37 (pen.) - Lautaro Martines, 19; 88. Romelu Lukaku, 81
Xal durumu: "Barselona" - 11, "İnter" - 7, "Borussiya" - 7, "Slaviya" - 2
G qrupu
21:55. "Zenit" (Rusiya) - "Lion" (Fransa) - 2:0
Qol: Artyom Dzyuba, 42
24:00. "Leyptsiq" (Almaniya) - Benfika" (Portuqaliya) - 2:2
Qollar: Emil Forsberq, 90 (pen.); 90+6 - Pitsi, 20. Karlos Viniçius, 59
Xal durumu: "Leyptsiq" - 10, "Zenit" - 7, "Lion" - 7, "Benfika" - 4
H qrupu
21:55. "Valensiya" (İspaniya) - "Çelsi" (İngiltərə) - 2:2
Qollar: Karlos Soler, 40. Daniel Vass, 82 - Mateo Kovaçiç, 41. Kristian Pulişiç, 50
24:00. "Lill" (Fransa) - "Ayaks" (Hollandiya) - 0:2
Qollar: Hakim Ziyeş, 2. Kvinsi Promes, 59
Xal durumu: "Ayaks" - 10, "Valensiya" - 8, "Çelsi" - 8, "Lill" - 1.
***23:54
UEFA Çempionlar Liqasında V turun daha 2 oyunu keçirilib.
"Report"un məlumatına görə, Rusiyada "Zenit" Fransa "Lion"unu qəbul edib.
Görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:0. Hesabı 42-ci dəqiqədə Artyom Dzyuba açıb. 84-cü dəqiqədə isə Məhəmməd Ozdoyev yekun nəticəni müəyyənləşdirib. Bu nəticədən sonra xallarını 7-yə çatdıran "Zenit" G qrupunda 2-ci pilləyə yüksəlib. Eyni xala malik "Lion" isə 3-cü pilləyə enib. 9 xalla ilk sırada yer alan Almaniya "Leyptsiq"i saat 24:00-da başlanacaq qarşılaşmada Portuqaliya "Benfika"sını yensə, qrup lideri kimi 1/8 finala yüksələcək.
H qrupundakı matçda isə "Valensiya" İspaniyada Avropa Liqasının son qalibi "Çelsi" ilə heç-heçəyə nail olub - 2:2. Meydan sahiblərindən Karlos Soler 40-cı, Daniel Vass 82-ci, qonaqlardan isə Mateo Kovaçiç 41-ci, Kristian Pulişiç 50-ci dəqiqədə fərqlənib. Bu nəticədən sonra "Valensiya" 8 xalla liderliyə yüksəlib. Eyni xala malik "Çelsi" ikincidir. Lakin saat 24:00-da başlanacaq qarşılaşmada Hollandiya "Ayaks"ı Fransada 1 xalı olan "Lill"ə qalib gəlsə, xallarını 10-a yüksəldəcək və yenidən liderliyə yüksələcək.
Qeyd edək ki, turun qalan 6 oyunu bu gecə keçiriləcək.