Yuxarı
    Bağlamaq

    Bu gün futbol üzrə Azərbaycan Kubokunun final matçı keçiriləcək

    Naxçıvanda baş tutacaq həlledici oyunda “Qarabağ” və “Qəbələ” komandaları üz-üzə gələcək

    Bakı. 5 may. REPORT.AZ/ Bu gün futbol üzrə Azərbaycan kubokunun final matçı keçiriləcək.

    “Report”un məlumatına görə, Naxçıvanda baş tutacaq həlledici oyunda “Qarabağ” və “Qəbələ” komandaları üz-üzə gələcək.

    Cari mövsümdə Azərbaycan Premyer Liqasında çempionluq mübarizəsi aparan əyalət təmsilçilərinin çəkişməsində üstün tərəf Ağdam klubu oldu. Ardıcıl 4-cü dəfə birinci olan “köhlən atlar” indi də “qızıl dubl” arzusundadırlar. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv buna müvəffəq olacağı təqdirdə, ardıcıl 3-cü, ümumilkdə 6-cı dəfə Azərbaycan kubokunu muzeyinə aparacaq.

    “Qarabağ” 9-cu dəfə final matçının iştirakçısı olacağı halda, yarışda debütü 2005-ci ilə təsadüf edən "Qəbələ” yalnız bir dəfə bu xoşbəxtliyi dadıb. “Qırmızı-qaralar” 2013/14 mövsümünün həlledici matçında “Neftçi”yə uduzub.

    Üç ildən sonra yenidən finala yüksələn “Qəbələ”nin kubok oyunlarında “Qarabağ”a uduzmamağı diqqət çəkir. Bu duellərdə 5-də bərabərlik qeydə alınıb, bir görüşdə isə “qırmızı-qaralar” üstün olub. Özü də bu kollektivlər ardıcıl 3 mövsüm, hər dəfə də eyni – 1/4 final mərhələsində üz-üzə gəlib. Bütün duellərdə ilk oyun “Qəbələ”nin meydanında baş tutub. 2011/12 və 2012/13 mövsümlərində evdə qollu heç-heçə edən “qırmızı-qaralar” mübarizəni dayandırıb. 2013/14 mövsümündə də evdə heç-heçə edən, lakin bu dəfə qolsuz matçın iştirakçısı olan “qırmızı-qaralar” səfərdə qalib gəlib.

    Naxçıvandakı matç “Qarabağ”la “Qəbələ”nin ümumilikdə 43-cü dueli olacaq. Əvvəlki 42 qarşılaşmanının 16-sı heç-heçə başa çatdığı halda, 16 oyundan Ağdam klubu qalib ayrılıb.

    Azərbaycan Kuboku

    Final

    5 may (cümə)

    16:00. "Qarabağ” – "Qəbələ”

    Hakimlər: Fariz Yusifov, Vaqif Musayev, Namiq Hüseynov, Əliyar Ağayev

    AFFA nümayəndəsi: Əli Hüseynov

    Hakim-inspektor: Məlik Həsənov

    Naxçıvan Muxtar Respublika stadionu (CBC Sport/ canlı) 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi