Yuxarı

Bu gün futbol üzrə Azərbaycan Kubokunda 1/4 final oyunları keçiriləcək

Bu gün futbol üzrə Azərbaycan Kubokunda 1/4 final oyunları keçiriləcək
Oyunların üçü paytaxtda, biri isə bölgədə olacaq

Bakı. 13 dekabr. REPORT.AZ/ Bu gün futbol üzrə Azərbaycan Kubokunda 1/4 finalın oyunları keçiriləcək.

"Report"un məlumatına görə, oyunların 3-ü Bakıda, biri isə bölgədə olacaq.

Mərhələyə Qəbələdə start veriləcək. Bölgənin eyniadlı komandası AZAL-ı sınağa çəkəcək. Komandalar Azərbaycan Kuboku tarixində 4 dəfə üz-üzə gəlib. Bu görüşlərin 2-də "Qəbələ", birində isə AZAL qələbəni bayram edib. Bir oyunda isə bərabərlik qeydə alınıb. Rəqiblərin əvvəlki iki duelində 4 qarşılaşma baş tutub. İlk oyunda meydan sahibi olan tərəf sonda mərhələ adlayıb. Hər komandanın 1 dəfə mərhələ keçdiyi cüt oyunlarda belə tendensiya var ki, ilk oyunda 2 qol vurulur, cavab matçında qəbələlilər 1:0 hesabı ilə qələbə qazanır. "Qəbələ" öncəki mərhələdə "Zaqatala"nı (2:2, penalti - 4:1) məğlub edibsə, AZAL "Rəvan"ı (4:0) keçərək 1/4 finala yüksəlib.

"Zirə" paytaxtın "Neftçi" klubu ilə münasibətlərinə aydınlıq gətirəcək. Bu komandalar ölkə kubokunda indiyədək qarşılaşmayıb. "Zirə" "Turan Tovuz"u (1:0) məğlub edərək adını 1/4 finala yazdırıbsa, "Neftçi" "Şərurspor" (2:0) üzərində qələbə qazanıb.

Gəncənin "Kəpəz" klubu Bakıda "İnter"in qonağı olacaq. Bu komandalar da Premyer Liqada dəfələrlə görüşsələr də, kubokda bir-birinə qarşı mübarizə aparmayıb. "İnter" 1/8 finalda "Qaradağ Lökbatan"dan, "Kəpəz" isə "Şahdağ"dan üstün olub. Maraqlı məqam ondadır ki, hər iki komanda ilk mərhələdə 5:1 hesablı qələbə qazanıb.

Günün son görüşündə Premyer Liqanın hazırkı lideri "Sumqayıt"ı sınağa çəkəcək. Bu komandalar digər iki cütlükdən fərqli olaraq kubok mübarizəsində 3 dəfə qarşılaşıb. Bir oyun 1/8, iki oyun isə 1/4 finalda keçirilib. Hər üç görüşdə Qurban Qurbanovun rəhbərlik etdiyi komanda üstün olub. Üstəlik "Qarabağ" ev oyunlarında qapısında qol görməyib. "Qarabağ" ötən tur "Səbail"i (5:0), "Sumqayıt" isə MOİK-i (2:0) məğlub edib.

Azərbaycan Kuboku, 1/4 final, ilk oyunlar

15:00. "Qəbələ" - AZAL

Hakimlər: Fariz Yusifov, Vaqif Musayev, Azər Əsgərov, Rəvan Həmzəzadə

AFFA nümayəndəsi: Vaqif Davudov

Hakim-inspektor: Asim Xudiyev

Qəbələ şəhər stadionu

17:00. "Zirə" - "Neftçi"

Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Namiq Hüseynov, Mübariz Haşımov

Əlavə köməkçi hakimlər: Ömər Paşayev, Elvin Əsgərov

AFFA nümayəndəsi: Maşallah Əhmədov

Hakim-inspektor: Xaqani Məmmədov

Zirə İdman Kompleksinin stadionu

17:00. "İnter" - "Kəpəz"

Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Nahid Əliyev, Rahil Ramazanov

Əlavə köməkçi hakimlər: Rauf Cabbarov, İnqilab Məmmədov

AFFA nümayəndəsi: Sakin Məmmədzadə

Hakim-inspektor: Məlik Həsənov

"İnter Arena" (CBC Sport, canlı yayım)

18:00. "Qarabağ" - "Sumqayıt"

Hakimlər: Orxan Məmmədov, Elman Musayev, Knyaz Əmiraslanov, Vüsal Qənbərov

Əlavə köməkçi hakimlər: Ramil Diniyev, Ramil Əhmədov

AFFA nümayəndəsi: Ramiz Abdullayev

Hakim-inspektor: Şahin Cəfərov

"Azersun Arena"

Qeyd edək ki, mərhələnin cavab oyunları dekabrın 21-də reallaşacaq. "Zirə" və "Neftçi" komandalarının güclüsü "Qarabağ" - "Sumqayıt", "İnter" və "Kəpəz" komandalarından qalib gələni isə "Qəbələ" - AZAL cütünün qalibi ilə yarımfinalda qarşılaşacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi