Yuxarı

Branimir Subaşiç: "Azərbaycanlı futbolçunun Çin çempionatında oynaması real deyil" - MÜSAHİBƏ

Qırmızı vərəqə olmasaydı, Azərbaycan millisi qələbə qazana bilərdi

Bakı. 8 fevral. REPORT.AZ/ Bakıda səfərdə olan Azərbaycan milli komandasının əslən serbiyalı sabiq futbolçusu Branimir Subaşiçin "Report"a müsahibəsi

- Səfəriniz nə ilə əlaqədardır?

- Fevralın 8-də "Neftçi"də və yığmadakı sabiq komanda yoldaşım Aleksandr Çertoqanovun doğum günüdür. Onun 36 yaşı tamam olur. Gəldim ki, Çertoqanovu təbrik edim. Həm də Azərbaycanda bizneslə məşğul olan serbiyalı dostlarıma baş çəkəcəyəm.

- Azərbaycanda Sizin də biznesinizin olduğu deyilir...

- Xeyr, mənim biznesim yoxdur. Sadəcə, vaxtilə dostlarıma kömək edirdim. İndi manatın devalvasiyası ilə əlaqədar onların da işlərində müəyyən çətinliklər yaranıb. Problemləri müzakirə edib, çıxış yolları arayacağıq.

- Vaxtilə xeyli pulların dövr etdiyi Azərbaycan futbolunun hazırkı durumunu gördükdən sonra hansı hissləri keçirdiniz?

- Problem süni şəkildə yaradılıb. Səbəbi isə ABŞ - Rusiya münasibətlərindən doğur. Nəticədə neft gəlirləri azalıb ki, bu da Azərbaycanda manatın devalvasiyasına səbəb olub. Maddi sıxıntılar ölkə futboluna da təsirsiz ötüşməyib. Bəzi klubların üzləşdikləri çətinliklərdən xəbərdaram. Amma belə hallara hər bir ölkədə rast gəlinə bilər. Panikaya düşmək lazım deyil.

- Hazırda dünya transfer bazarında Çin hegemonluğu müşahidə olunmaqdadır. Vaxtilə Siz də bu çempionatda çıxış etmisiniz və "Çanqçun Yatay"ın heyətində gümüş medal qazanmısınız. Azərbaycanlı futbolçuların Çin Super Liqasına transferi nə dərəcədə realdır?

- Çinin 2 milyardlıq əhalisi var. Həm əhali sayında, həm də iqtisadi cəhətdən dünyada güclü ölkədir. Mən "Çanqçun Yatay"a gedəndə klubun 20 milyon dollar büdcəsi var idi. İndi isə ikiqat artıqdır. I Divizionda elə klublar var ki, futbolçuya 2 milyon dollar əmək haqqı verirlər. Hətta ərəb ölkələrinin çempionatından da üstün Super Liqaya malikdirlər. Hazırda Çin çempionatına düşmək real deyil. Çünki hər klubda 3 legionerə icazə verirlər. 5-6 legionerə icazə versəydilər, dünyada daha güclü olardılar.

- Bir neçə gün öncə Azərbaycan futzal yığmasının Serbiyada İtaliyaya 0:3 hesabı ilə uduzduğu Avropa çempionatında tribunada idiniz. Oyun Sizdə necə təəssürat yaratdı?

- Azərbaycan yığmasına dəstək olmağa getmişdim. Buna görə də azarkeşlər arasında idim. Oyun maraqlı keçdi. Qırmızı vərəqə olmasaydı, Azərbaycan millisi qələbə qazana bilərdi. Serbiyaya fevral 10-da qayıdacağam. Komandanız yarımfinala yüksəlsə, gedib yenə azarkeşlik edəcəyəm.

- Sabiq komanda yoldaşlarınızdan daha kimlərlə görüşürsünüz?

- Rəşad Sadıqov, Ruslan Abışovla müntəzəm əlaqə saxlayıram. Bakıda olduğum müddətdə imkan tapıb görüşməyi planlaşdırıram. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi