Yuxarı

Rövnəq Abdullayev: "Tədricən bölgələrin Premyer Liqada təmsilçiləri artacaq"

AFFA prezidenti həmçinin klubların maliyyə problemindən də danışıb

Bakı. 11 mart. REPORT.AZ/ İndi bölgələrdə də şirkətlər yaranır və tədricən bölgələrin Premyer Liqada təmsilçiləri də artacaq. "Report" xəbər verir ki, bunu Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) yenidən seçilmiş prezidenti Rövnəq Abdullayev qurumun hesabat-seçki konfransından sonra keçirilən mətbuat konfransında bildirib.

"Azərbaycanda bir neçə ildir bölgə futbolunun inkişafına dəstək layihələri həyata keçiririk. Regionlarda məşqlər və elit-turnirlər keçirilir. Bunun nəticəsində yeni nəsil yetişir. Amma Premyer Liqa klublarının bölgələrdən çıxması sponsorların yeri ilə əlaqədardır. İndi bölgələrdə də şirkətlər yaranır və tədricən bölgələrin Premyer Liqada təmsilçiləri də artacaq", - R.Abdullayev deyib.

O vurğulayıb ki, bu gün keçirilən AFFA İcraiyyə Komitəsinin iclasında çox mühüm qərarlar qəbul edilib: "AFFA-da Media Komitəsinin tərkibi təsdiqləndi. Bu komitə idman mediasına dəstək komitəsi olacaq - böyük proqramlar həyata keçiriləcək, mətbuata qrantlar verəcək. Çalışacağıq ki, idman mediasının inkişafına təkan olsun".

AFFA prezidenti həmçinin klubların maliyyə problemindən də danışıb: "Dünyada heç bir yerdə işlər yağ-bal kimi deyil. Hər bir dövlətdə uzağı 4 klub irəli gedir. Qalanları az büdcə ilə dayanıqlı olmaq üçün çıxış edirlər. Amma ölkə çempionatın səviyyəsi düşməyib. Düşübsə, bunun birinci səbəbi tamaşaçıların azalmasıdır. Hamımız birgə çalışmalıyıq ki, azarkeşləri stadionlara gətirək. Futbolçular azarkeşləri stadionda görürlərsə, oyun səviyyələri də yüksəlir. "Kəpəz"in oyununa 23 min azarkeş gəlmişdi. Köhnə stadion idi, biz də kömək etdik, şəhər rəhbərliyi də kömək edir. Maliyyələşmənin böyük hissəsi AFFA hesabınadır. Azarkeş dəstəyi səbəbindən "Kəpəz"in oyun səviyyəsi də yüksəlib".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi