Bakıda 17 yaşadək futbolçular arasında Avropa çempionatı start götürür

Bakıda 17 yaşadək futbolçular arasında Avropa çempionatı start götürür ​Azərbaycan millisi bu gün Portuqaliya ilə qarşılaşacaq
Futbol
5 May , 2016 09:29
Bakıda 17 yaşadək futbolçular arasında Avropa çempionatı start götürür

Bakı. 5 may. REPORT.AZ/ Bu gün Bakıda 17 yaşadək futbolçular arasında Avropa çempionatı start götürəcək. "Report"un məlumatına görə, qitə birinciliyinin final mərhələsində 16 komanda 4 qrupda mübarizə aparacaq. 

İlk oyun günündə 4 görüş keçiriləcək. A qrupunda yer alan Azərbaycan millisi Portuqaliya yığması ilə üz-üzə gələcək.

Qarşılaşma Bakı Olimpiya Stadionunda Açılış Mərasiminin ardından oynanılacaq. Mərasim saat 19:30-da, matç isə saat 20:00-da başlanacaq. Görüşün baş hakimi polşalı Bartoş Frankovski olacaq. Ona macarıstanlı Balaj Buzas və Moldovadan olan Vasili Yermişin kömək edəcək. Qarşılaşmanın 4-cü hakimi litvalı Sergey Slivadır.

Qrupun digər komandaları isə "Bakcell Arena"da üz-üzə gələcəklər. Belçika - Şotlandiya oyunu saat 19:00-da start götürəcək.

Təbriz Həsənovun rəhbərlik etdiyi komanda qrup mərhələsindəki növbəti görüşünü mayın 8-də Belçika, mayın 11-də isə Şotlandiya yığmasına qarşı keçirəcək. Hər iki görüş "Bakcell Arena"da baş tutacaq.

Bu gün, həmçinin B qrupunda Ukrayna - Almaniya, Avstriya - Bosniya və Herseqovina oyunları da keçiriləcək. 

Avropa çempionatı, I tur

A qrupu

19:00. Belçika - Şotlandiya
Baş hakim: Petr Kraloveç (Slovakiya)

"Bakcell Arena"

20:00. Azərbaycan - Portuqaliya

Hakimlər: Bartoş Frankovski (Polşa), Balaj Buzad (Macarıstan), Vasili Ermisçin (Moldova), Sergeyus Sliva (Litva)

Bakı Olimpiya Stadionu

B qrupu

14:00. Avstriya - Bosniya və Herseqovina
Baş hakim: Petr Ardelyanu (Çexiya)
"Bakcell Arena"

17:00. Ukrayna - Almaniya
Baş hakim: Qunnar Yarl Yonsson (İslandiya)
Bakı Olimpiya Stadionu

Sayca 15-ci qitə turnirinə mayın 21-də yekun vurulacaq.

Qeyd edək ki, reqlamentə əsasən, qruplarda ilk iki yeri tutan komandalar 1/4 finalda qarşılaşacaqlar. Bu mərhələnin oyunları 14-15 mayda keçiriləcək. Yarımfinala yüksələn komandalar mayın 18-də finala vəsiqə uğrunda mübarizə aparacaqlar. Həlledici qarşılaşma mayın 21-də Bakı Olimpiya Stadionunda keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi