Azərbaycanla futbol oyununun anonsu, füsunkar Zaqrebdən - REPORTAJ

Azərbaycanla futbol oyununun anonsu, füsunkar Zaqrebdən - REPORTAJ Hər yerdə ağ və qırmızı damalar. Söhbət ənlik-kirşansız damalardan getmir. Heç oyun növü olan damadan da danışmıram. Mən planetin nəhəng ölkəsi Rusiyada damalı formalarla dünya çempionatının finalçılarının təmsil etdikləri ölkədən bəhs etmək istərdim.
Futbol
21 Mart , 2019 21:22
Azərbaycanla futbol oyununun anonsu, füsunkar Zaqrebdən  - REPORTAJ

Hər yerdə ağ və qırmızı damalar. Söhbət ənlik-kirşansız damalardan getmir. Heç oyun növü olan damadan da danışmıram. Mən planetin nəhəng ölkəsi Rusiyada damalı formalarla dünya çempionatının finalçılarının təmsil etdikləri ölkədən bəhs etmək istərdim.

Buraya Xorvatiya millisinə qarşı AVRO-2020-nin seçmə qrup oyununu keçirəcək Azərbaycan yığması ilə birgə "Report"un əməkdaşı olaraq, ezam olunmuşam. Zaqrebin mərkəzində yerləşdiyimiz oteldən istənilən yerə rahat getmək olar. Gəzməyə də, alış-verişə də, lap elə paytaxtın gözünün ağı-qarası olan "Maksimir" stadionuna da.

Hələliksə, əvvəlcə yol qeydlərimi bölüşmək istərdim.

Milli komanda Bakıdan səfərə yeni baş məşqçi Nikola Yurçeviçin rəhbərliyi altında çıxdı. Yurçeviç əslində vətəninə yollanırdı. Cəmi bir aydır yığmanın sükanı arxasında olan 53 yaşlı mütəxəssis UEFA Millətlər Liqasında qrup qalibi ola bilmədikdən sonra istefaya göndərilmiş Qurban Qurbanovu əvəzləyib. Dəyişikliyin müəyyən əlamətlərini səfər boyunca bəzi məqamlardan hiss etmək olardı. Məsələn, futbolçularla ünsiyyətə artıq heç bir məhdudiyyət yox idi. Oyunçularla təyyarəyə minik başlananadək də, uçuş zamanı da söhbət etmək mümkün idi. Əlbəttə, müsahibə istəyini geri çevirənlər də var idi. Elə Dmitri Nazarov, Rüfət Dadaşov və uzun müddətdən sonra yenidən yığmaya çağırılmış Eddi İsrafilov birgə gəzib-dolaşsalar da, yenə danışmaqdan imtina etdilər. Emin Mahmudovla nə qədər istəsən səmimi ünsiyyət qurmaq mümkün idi. Amma deyəsən, müsahibə ilə arası yox idi. "Neftçi"nin kapitanı olduğu üçün millidə vitse-kapitanlıq alacağını gözləmək mümkün idi. Amma özü əsas heyətə düşməyin hayında idi: "Hələ birinci "11-liy"ə düşüm, sonra vitse-kapitanlıqdan danışarıq".

Səfər üçün ayrılan təyyarə də nisbətən geniş idi. Amma bunun səbəbi səfərdə bir qrup azarkeş və AFFA-nın tərəfdaş şirkətlərindən birinin müsabiqəsində qalib gəlmiş şəxslər idi. Həmişə səfərlərdə iştirak edən AFFA rəsmiləri və İcraiyyə Komitəsində təmsil olunan veteran futbolçulardan başqa "Sumqayıt"ın prezidenti Riad Rəfiyev də Zaqrebə gedənlər sırasında idi. Azərbaycan Hava Yollarına məxsus təyyarə ilə təqribən 4 saatlıq uçuşun futbolçular üçün yorucu olduğunu demək çətindir. Ən azı ona görə ki, hərəsinə bir cərgəlik oturacaq ayrılmışdı. Onlar yata, smartfon və ya oturacağın arxasındakı ekranda filmə baxa, oyun oynaya bilərdilər. Təyyarə isə havaya əvvəlki səfərlərdən iki saat tez - 16:30-da qalxdı.

Zaqreb hava limanına çatdıqdan sonra təyyarəni ilk tərk edən də Yurçeviç oldu. Sanki vətəni üçün darıxmışdı və buna görə də sürətli addımlarla hava limanından daha tez çölə çıxıb Xorvatiya havası udmaq istəyirdi. Çölə çıxıb bizə ayrılan maşınlarla otelə doğru yenicə hərəkətə başlamışdıq ki, bir bilboard üzərindəki afişa diqqətimizi cəlb etdi. Xorvatiya - Azərbaycan oyununun anonsu idi. Hava limanı yaxınlığındaca belə bir afişa ilə rastlaşmaq şəhərdə oyuna marağın yüksək səviyyədə olduğunu düşünməyə əsas verirdi. Amma bu, Zaqrebdə gördüyümüz ilk və yeganə afişa oldu.

Əvəzində Xorvatiyanın nüfuzlu idman nəşri olan SN ("Sportske Novosti") qəzeti oyuna böyük maraq diqqət ayırdığını gördük. Qəzetin 3-4 səhifəsi ardıcıl iki gün nəşr olunan nömrələrində məhz bu matçdan bəhs edirdi. Yeri gəlmişkən, nəfis tərtibatla hazırlanmış nəşrin dizaynı da göz oxşayırdı.

Zaqrebin mərkəzi ilə isə aramsız olaraq, trolleybuslar şütüyür. Buranın bir nömrəli sərnişin nəqliyyatı bəlkə də elə trolleybusdur. Sava çayı üzərindəki şəhərin əsas görməli yerləri də mərkəzdə yerləşib. Köhnə funikulyorla Yuxarı Şəhərə qalxdıqda şəhərin elə də yüksək olmayan, amma orta əsrlərdən qalma bina və tikililərini də görmək olar. Bakıdan fərqli olaraq, hazırda burada küləksiz, sakit və hətta nisbətən günəşli hava şəraiti hökm sürür.

Ən hündür və cəlbedici bina isə Zaqreb katedralıdır. XI əsrdə tikilmiş kilsə təkcə insanların dualar etməsi üçün yox, həm də turistlər üçün cəlbedici məkandır.

Şəhərdə buna bənzər bir neçə kilsə ilə rastlaşmaq olar.

Bizim səfərimiz isə futbol oyunu ilə bağlıdır. Demək olar ki, Zaqrebin hər bir məkanında Xorvatiya yığmasının son uğurundan bəhs edən əyani vəsaitlərlə rastlaşmaq olar. Küçələrdən birində yığmanın oyunlarından epizodlar, digərində komandanın DÇ-2018 vaxtı keçirdiyi bütün oyunların hesabları əksini tapıb. Bar və restoranlarda isə təkcə futbol deyil, basketbol, tennis və digər növlər üzrə oyunlar izlənilir. Doğrudan da Xorvatiyanı idman ölkəsi saymaq olar. 5 milyonadək əhalini özündə birləşdirən 56,6 kvadratkilometrlik ərazi dünya idmanına kimləri bəxş etməyib ki?!

Buranın insanları sanki idman üçün doğulublar. Küçələrdə daha çox ucaboylu, sağlam bədən quruluşlu sakinlərlə rastlaşmaq olar.

Elə Azərbaycanın da idman ölkəsi olduğu deyilir. Görək, bu gecə hansı daha üstün olacaq?

Son xəbərlər

Orphus sistemi