Yuxarı
    Bağlamaq

    Azərbaycan yığması UEFA Millətlər Liqasında növbəti oyununu keçirəcək

    Bakı. 14 oktyabr. REPORT.AZ/ Bu gün Azərbaycan yığması UEFA Millətlər Liqasında növbəti oyununu keçirəcək.

    "Report" xəbər verir ki, D Liqasının 3-cü qrupunda yer alan Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv IV tur çərçivəsində Malta yığmasını qəbul edəcək.

    Ötən ay bu komandalar arasında II turun Ta Qali Milli Stadionunda keçirilmiş görüşü heç-heçə ilə nəticələnib - 1:1. Hesabı 10-cu dəqiqədə meydan sahiblərinin futbolçusu Andrey Acus açıb. O, Bədavi Hüseynovun cərimə meydançası daxilində yol verdiyi qayda pozuntusundan sonra təyin edilən penaltini dəqiq yerinə yetirib. Azərbaycan millisi isə bərabərlik qolunu 26-cı dəqiqədə rəqib qapısından keçirib. Riçard Almeydanın vurduğu cərimə zərbəsindən sonra rəqib qapıçı topu qaytarsa da, Təmkin Xəlilzadə təkrar zərbə ilə fərqlənib.

    Malta hələlik yalnız Azərbaycan millisindən xal ala bilib. Qrupda keçirdiyi bütün oyunlarda qol vuran "cırtdanlar", ilk turda Farer adalarına, oktyabrın 11-də isə Kosovoya səfərdə eyni hesabla uduzub - 1:3.

    İlk qələbəsini 3 gün öncə Farer adalarında 3 cavabsız qolla qazanan Azərbaycan isə I tur qarşılaşmasında Bakıda Kosovo ilə qolsuz bərabərə qalıb.

    Q.Qurbanov sərəncamında olan bütün futbolçulardan istifadə edə bilər. Rəqib düşərgədə isə heyətlə bağlı əsas problem Kosovo ilə qarşılaşmada qırmızı vərəqə alan kapitan Maykl Mifsudun cəzalı duruma düşməsidir. Baş məşqçi Rey Farruciyanın 37 yaşlı forvardın yerinə hücumda Alfred Effionq və ya Jan-Pol Farruciyaya şans verəcəyi gözlənilir.

    Baş məşqçi müdafiəçilər - zədəsini sağaldan Rayab Kamillerinin və cəzası başa çatan Jozef Zerafanın da xidmətindən yararlana biləcək.

    Qeyd edək ki, qrupun digər oyununda Farer adaları Kosovonu qəbul edəcək. Üç turdan sonra Kosovonun 7, Azərbaycanın 5, Farer adalarının 3, Maltanın isə 1 xalı var.

    UEFA Millətlər Liqası

    D liqası, III qrup

    IV tur

    20:00. Azərbaycan - Malta

    Baş hakim: İvan Bebek

    Yan xətt hakimləri: Tomislav Petroviç, Miro Qrqiç

    Dördüncü hakim: Qoran Pataqi

    Əlavə köməkçi-hakimlər: Mario Zebek, Qoran Qabrilo (hakimlər briqadası Xorvatiyadandır)

    Bakı Olimpiya Stadionu

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Bu xəbər həm də başqa dillərdə mövcuddur:

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi