Yuxarı
    Bağlamaq

    Bu gün ​Azərbaycan Premyer Liqasında XXVII turun oyunları keçiriləcək

    Turun mərkəzi görüşü İnter və Neftçi arasında olacaq

    Bakı. 30 mart. REPORT.AZ/ Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXVII tura start veriləcək.

    "Report"un məlumatına görə, 10 günlük fasilədən sonra turun bütün oyunları eyni gündə keçiriləcək.

    Tura Gəncə və Şüvəlanda start veriləcək. "Kəpəz" turnir cədvəlinin ikinci pilləsində qərarlaşan "Zirə"ni qəbul edəcək. Qarşılaşma hər iki komanda üçün böyük əhəmiyyət kəsb edir. Gəncə klubu 3 xal sayəsində ən pis halda 4-cü pillədəki mövqeyini gücləndirəcək və ya 3-cü pilləyə yüksələcək. Səfər qələbəsi sayəsində ikinciliyi möhkəmləndirəcək və lider "Qarabağ"la xal fərqinin artmasına icazə verməyəcək "Zirə" isə xal itirəcəyi təqdirdə də, öz mövqeyində qalacaq. Komandalar 2 dəfə üz-üzə gəlib və hər iki oyunda bərabərlik qeydə alınıb - 1:1, 2:2.

    Bu görüşlə eyni vaxtda AZAL - "Qəbələ" matçı start götürəcək. "Qəbələ" Avrokubok iddialarını davam etdirmək üçün səfərdə 3 xal əldə etməlidir. Bu qələbə digər oyunların nəticəsindən asılı olaraq "qırmızı-qaralar"ı 3-cü pilləyə yüksəldə bilər. Məğlubiyyət isə Roman Qriqorçukun rəhbərlik etdiyi komandanı 5-ci pillədə saxlayacaq. "Təyyarəçilər" isə ən yaxşı halda xal ehtiyatını 36-ya çatdıraraq "Qəbələ" ilə xal fərqini 5-ə endirəcək. Komandalar bu günədək 24 dəfə üz-üzə gəlib. Bunlardan 9-da AZAL, 7-də isə "Qəbələ" qalib gəlib. Qalan 8 görüşdə isə bərabərlik qeydə alınıb. AZAL son 3 oyunda qələbə qazanmayıb və qol vurmayıbsa, "Qəbələ" son 5 səfər matçında uduzmayıb.

    Bu görüşlərin ardınca "Sumqayıt" doğma meydanda "Xəzər Lənkəran"ı sınağa çəkəcək. Meydan sahibləri qalib gəldiyi halda ən yaxın qonşusu "Neftçi" ilə xal fərqini 4-ə endirəcək ki, bu da bir neçə turdan sonra komandanın daha yüksək pillələrə irəliləməsinə şərait yaradacaq. Gənc heyətlə mübarizə aparan "Xəzər Lənkəran" isə nəticədən asılı olmayaraq hazırkı 9-cu pillədə qalacaq. Sadəcə qazanılan xal komandaya əlavə stimul verəcək və sonuncu pillədəki "Rəvan"dan bir az daha uzaqlaşmağa kifayət edəcək. Komandalar 16 dəfə üz-üzə gəlib. "Sumqayıt" 4, "Xəzər Lənkəran" isə 7 dəfə qalib gəlib. 5 oyunda isə tərəflər bir xalla kifayətlənməli olub. "Sumqayıt" son 3 oyunda uduzmayıb və ardıcıl 7 matçda meydanı qolsuz tərk etməyib. Cütlüyün son 5 qarşılaşmasında ən azı 2 qol vurulub.

    Turnir cədvəlinin lideri "Qarabağ" siyahının ən sonunda olan "Rəvan"ı qəbul edəcək. Bu görüşdə Qurban Qurbanovun rəhbərlik etdiyi komanda favorit hesab olunur. "Qarabağ" 3 xal sayəsində birincilik mövqeyini daha da möhkəmləndirəcək. "Rəvan" isə ən yaxşı halda Sumqayıtdakı görüşün nəticəsindən asılı olaraq "Xəzər Lənkəran"la xal fərqini 3-ə endirə bilər. Komandalar bu günədək 10 oyunda üz-üzə gəlib. Bu qarşılaşmaların 6-da "Qarabağ" qalib gəlib. 4 oyunda bərabərlik qeydə alınıb.

    Turun mərkəzi görüşü isə "İnter Arena"da baş tutacaq. Burada "İnter" digər paytaxt təmsilçisi "Neftçi" ilə münasibətlərinə aydınlıq gətirəcək. Derbi hər iki komanda üçün böyük əhəmiyyət daşıyır. "Bankirlər" qələbə sayəsində üçüncülüyü möhkəmləndirəcəklərsə, "Neftçi" çətin oyunda 3 xal qazanaraq hələ də Avrokubok ümidlərinin ölmədiyini göstərməyə çalışacaq. Cütlük bu günədək 45 oyunda üz-üzə gəlib. Bu görüşlərin 12-də "İnter", 19-da isə "Neftçi" qalib gəlib. Qalan 14 oyunda qalib müəyyənləşməyib.

    Azərbaycan Premyer Liqası, XXVII tur

    30 mart

    15:00. "Kəpəz" – "Zirə"

    Hakimlər: Ömər Paşayev, Munis Abdullayev, Vüqar Bayramov, Ziya Nəsirov

    AFFA nümayəndəsi: Əsgər Əmirəliyev

    Hakim-inspektor: Gülağa Cabarov

    Gəncə. Gəncə şəhər stadionu (CBC Sport)

    15:00. AZAL – "Qəbələ"

    Hakimlər: İnqilab Məmmədov, Mübariz Haşımov, Nahid Əliyev, Fariz Yusifov

    AFFA nümayəndəsi: Sakin Məmmədzadə

    Hakim-inspektor: Şahin Cəfərov

    Bakı. AZAL Arena

    17:00. "Sumqayıt" – "Xəzər Lənkəran"

    Hakimlər: Elvin Əsgərov, Akif Əmirəli, Cavanşir Yusifov, Fərid Məmmədov

    AFFA nümayəndəsi: Adil Nadirov

    Hakim-inspektor: Vüsal Əliyev

    Sumqayıt. "Kapital Bank Arena"

    17:30. "Qarabağ" – "Rəvan"

    Hakimlər: Orxan Məmmədov, Elman Musayev, Kamran Bayramov, Ramil Əhmədov

    AFFA nümayəndəsi: Məmmədəli Məmmədov

    Hakim-inspektor: Məhəmməd Məmmədov

    Bakı. "Azərsun Arena"

    18:00. "İnter" – "Neftçi"

    Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Mahir Məmmədov

    AFFA nümayəndəsi: Ramiz Mustafayev

    Hakim-inspektor: Xaqani Məmmədov

    Bakı. "İnter Arena" (CBC Sport)

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi