Yuxarı
    Bağlamaq

    Azərbaycan Premyer Liqasında XXIII tura yekun vurulacaq

    Bu gün daha 2 oyun keçiriləcək

    Bakı. 19 mart. REPORT.AZ/ Bu gün keçiriləcək daha 2 oyunla Azərbaycan Premyer Liqasında XXIII tura yekun vurulacaq.

    "Report"un məlumatına görə, çempionluq uğrunda mübarizə aparan "Qarabağ" və "Qəbələ" klubları Bakıda meydana çıxacaqlar.

    Əvvəlcə "qırmızı-qaralar" autsayder AZAL-ın qonağı olacaqlar. Hazırda 9 xala malik meydan sahibləri uduzsalar, özlərindən üst pillədəki "Kəpəz"dən 15 xal geri qalacaqlar. Bu isə Tərlan Əhmədovun baş məşqçi olduğu komandanın Premyer Liqadan I Diviziona faktiki enməsi anlamına gələcək. "Qəbələ"yə isə xal itkisi çempionluq yolunda böyük zərbə olacaq. Ötən tur liderliyi əldən verən Roman Qriqorçukun baş məşqçi olduğu komanda 46 xalla ikinci pillədədir.

    AZAL və "Qəbələ" Premyer Liqada 30-cu oyuna çıxacaq. Əvvəlki qarşılaşmalarda tərəflər hərəyə 10 qələbə qazanıb, 9 heç-heçəyə razılaşıblar. Topların nisbətində isə "təyyarəçilər" üstündür - 34:33. Amma AZAL son 4 matçda qol vura bilməməklə yanaşı, axırıncı 2 ev oyununda uduzmayıb.

    Bu görüşdən sonra lider "Qarabağ" "Zirə"nin qonağı olacaq. "Qəbələ" xal itirsə, hazırda 48 xala malik "Qarabağ" səfərdə qələbə qazanmaqla ən yaxın izləyicisi ilə fərqi 5-ə çatdıracaq. İki komandanın əvvəlki qarşılaşmalarında "Zirə" heç vaxt qələbə qazana bilməyib. Amma turun ilk oyun günündə "Neftçi"nin "İnter"i yenərək 26 xalla 5-ci pilləyə yüksəlməsindən sonra 29 xala malik "qartallar" 4-cü pilləni əldən vermə təhlükəsi ilə üzləşib. Buna görə də Ayxan Abbasovun baş məşqçi olduğu komanda liderlə görüşdə xal qazanmağa çalışacaq.

    Bu, "Zirə" və "Qarabağ" arasında 8-ci qarşılaşma olacaq. Əvvəlki görüşlərdən 6-da Ağdam təmsilçisi qələbə qazanıbsa, 1-i heç-heçə nəticələnib. Topların nisbətində də "Qarabağ" öndədir - 14:1. Qurban Qurbanovun baş məşqçi olduğu komanda heç vaxt uduzmadığı “Zirə” ilə son 5 oyunda eyni – 2:0 hesablı qələbə qazanıb və axırıncı 6 oyunda qapısını toxunulmaz saxlayıb.

    Azərbaycan Premyer Liqası, XXIII tur

    19 mart (bazar)

    15:30. AZAL – "Qəbələ”

    Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Akif Əmirəli, Rəvan Həmzəzadə

    AFFA nümayəndəsi: Ramiz Abdullayev

    Hakim-inspektor: Rövşən Əhmədov

    "AZAL Arena”

    18:30. "Zirə” – "Qarabağ”

    Hakimlər: Ramil Diniyev, Mübariz Haşımov, Nahid Əliyev, Rəhim Həsənov

    AFFA nümayəndəsi: Elbrus Abbasov

    Hakim-inspektor: Asim Xudiyev

    Zirə İdman Kompleksinin stadionu

    Qeyd edək ki, ilk oyun günündə "Kəpəz" "Sumqayıt"ı 1:0, "Neftçi" "İnter"i 2:0 hesabı ilə yenib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi