Yuxarı

​Azərbaycan Premyer Liqasında XV tura yekun vurulacaq

Turun son oyunları Bakı və Sumqayıtda keçiriləcək

Bakı. 7 dekabr. REPORT.AZ/ Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının XV turuna yekun vurulacaq. "Report"un məlumatına görə, son oyunlar Bakı və Sumqayıtda keçiriləcək.

Günün ilk matçında Sumqayıtın eyniadlı komandası Gəncənin "Kəpəz" klubunu qəbul edəcək. Qarşılaşmanı Fariz Yusifov idarə edəcək. Bu görüş hər iki komanda üçün böyük əhəmiyyət daşıyır. Samir Abasovun rəhbərlik etdiyi "Sumqayıt" 3 xal qazanacağı təqdirdə siyahının son üçlüyündən uzaqlaşacaq. "Kəpəz" isə qələbə qazanarsa, xalları bərabər olan (20 xal) "Neftçi"ni qabaqlayacaq.

Turun son görüşü isə autsayderlərin "duel"i ilə əlamətdar olacaq. "Rəvan" "Bayıl Arena"da AZAL-ı qəbul edəcək. Tərlan Əhmədovun rəhbərlik etdiyi komanda səfərdən qələbə ilə dönərsə, sonuncu pillənin sahibi ilə xal fərqini artıracaq. Bəhmən Həsənovun komandası isə "təyyarəçilər"dən üstün olarsa, o zaman turnir cədvəlində daha maraqlı mənzərə yaranacaq. "Rəvan" qalib gələcəyi təqdirdə xal ehtiyatını 12-yə yüksəldəcək ki, hazırda AZAL, "Sumqayıt" və "Xəzər Lənkəran" da eyni xala sahibdirlər. 

Premyer Liqa, XV tur

17:00. "Sumqayıt" - "Kəpəz" (Gəncə)

Hakimlər: Fariz Yusifov, Cavanşir Yusifov, Coşqun Həsənov, Ziya Nəsirov

AFFA nümayəndəsi: Vaqif Davudov

Hakim-inspektor: Məlik Həsənov

Sumqayıt. "Kapital Bank Arena"

20:00. "Rəvan" (Bakı) – AZAL (Bakı)

Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Elman Musayev, Rəvan Həmzəzadə

AFFA nümayəndəsi: Eldar Qasımov

Hakim-inspektor: Xaqani Məmmədov

Bakı. "Bayıl Arena"

Qeyd edək ki, turun əvvəlki qarşılaşmalarında "Qəbələ" səfərdə "Xəzər Lənkəran"ı, "Qarabağ" evdə "İnter"i 1:0 hesabı ilə məğlub edib. "Neftçi" - "Zirə" görüşündə isə 1:1 hesablı bərabərlik qeydə alınıb. Hazırda turnir cədvəlinə 35 xalla "Qarabağ" başçılıq edir. İkinci pillədə 27 xalla "Qəbələ" qərarlaşıb. İlk "üçlüyü" tamamlayan "Zirə"nin aktivində isə 25 xal var.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi