Yuxarı

Azərbaycan Kubokunun oyununun başlama saatı təyin edilərkən Əsasnamə pozulub

Azərbaycan Kubokunun oyununun başlama saatı təyin edilərkən Əsasnamə pozulub

Azərbaycan Kubokunda 1/8 final mərhələsinin “Sabah” – “Ağsu” oyununun başlama saatının Peşəkar Futbol Liqasının (PFL) Əsasnaməsinə zidd olduğu müəyyənləşib.

“Report” xəbər verir ki, 2019/2020 Mövsümü Premyer Liqa, Azərbaycan Kuboku və I Divizion Yarışlarının Əsasnaməsinin 6-cı bəndində klubların rəsmi oyunları arasında ən azı 48 saat müddətin olması tələbi var.

Buna rəğmən, dekabrın 2-də Premyer Liqanın XIII turunun “Sabah” – “Qarabağ” matçı saat 20:00-da start götürdüyü halda, paytaxt təmsilçisinin ağsulularla görüşü 4 dekabr tarixində saat 15:00-a təyin olunub.

Halbuki, çempionat qarşılaşması ötən gün saat 20:00-a deyil, 15:00-da başlasaydı, bu, əsasnaməyə uyğun olardı. Lakin görüşün gec başlamasını "Sabah" klubunun azarkeşlər arasında lotereya təşkil etməsi ilə də əlaqələndirənlər var. Girişin pulsuz olduğu qarşılaşmanı rəsmi protokola əsasən, 3000 azarkeş izləyib. Matç "Qarabağ"ın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.   

Beləliklə, “Sabah”ın futbolçuları 43 saat sonra növbəti rəsmi matça çıxmağa məcburdurlar. Bu isə, ilk növbədə, onların sağlamlığının riskə atılmasıdır. Digər tərəfdən, vaxt azlığı komandanın bərpa olunaraq növbəti qarşılaşmaya normal hazırlaşmasına əngəl törədir.

Ona görə də Əsasnamə pozuntusunun qarşısını almaqdan ötrü PFL "Sabah" - "Ağsu" matçının başlama saatını dəyişdirməlidir. Görüş ya dekabrın 4-də ən azı saat 20:00-a, ya da dekabrın 5-nə salınmalıdır. 

Məsələ ilə bağlı PFL-in Yarışların Təşkili Departamentinin rəhbəri Elgiz Abbasov “Report”a bildirib ki, hər iki oyunun başlama saatları təyin edilərkən təşkilatçı qurum və “Sabah” klubu arasında müzakirə aparılıb: “Çempionat oyununun vaxtının dəyişdirilməsi xahişi ilə "Sabah" klubundan bizə müraciət edilməyib. Peşəkar Futbol Liqasının Əsasnaməsində belə bir bənd var ki, iki rəsmi matç arasında müddət 48 saatdan az olarsa, klubun və ya klubların məsələ ilə bağlı etiraz etmək hüququ var. Biz məsələ ilə bağlı klubla geniş müzakirə aparmışıq. Bildiyiniz kimi, “Sabah” klubunun “Sabah-2” komandası da var. Hansı ki, onlar I Divizionun sonuncu turunda istirahət ediblər. Ümumiyyətlə, bu komandanın prinsipi ilə müəyyən qədər tanışıq. Şans yaranan kimi gənclərə etimad göstərməyə çalışırlar. Təsadüfi deyil ki, əsas komandanın heyətində bəzən 2-3 nəfər limitə uyğun gələn oyunçu çıxış edir. Futbol adamları yaxşı bilir ki, kubok həm də rotasiya üçün yaxşı şansdır. Adətən, Premyer Liqa klubları I Divizionda çıxış edən klublara qarşı kubok oyununda daha çox ehtiyat qüvvəyə şans verirlər. Geniş heyətə malik “Sabah”ın da bunu edəcəyi istisna deyil. Bundan əlavə, klubla məsələ ilə bağlı müzakirə apardıq ki, “Sabah”ın əsas komandası qısa müddətdə evdə ardıcıl iki oyuna çıxacaq. Klub əsas arenanın ot örtüyünü qorumaq üçün qazonu əsasdan heç də geri qalmayan ehtiyat meydanda oynayacaq. Orada isə işıqlandırma sistemi oyunun gec saatlarda keçirilməsinə imkan vermir. “Sabah”ın geniş heyətə malik olmasını, əsas heyətlə ikinci komandanın birləşməsindən ibarət heyətlə oynamasını, rotasiyanı, eləcə də PFL-in bu və digər məsələlərlə bağlı qərar vermək hüququna malik olmasını nəzərə alıb, “Ağsu” ilə oyunu saat 15:00-a təyin etmişik. Bu məsələ Premyer Liqanın növbəti təqvim oyunu ilə bağlı olsaydı, iradlar haqlı olardı”.

E.Abbasovun sözlərinə görə, oyunlar 21:00-dan gec olmamaq şərti ilə istənilən saatda keçirilə bilər: “20:00-da oyunun keçirilməsi əsasnamə pozuntusu deyil, normal bir haldır. “Sabah” – “Qarabağ” matçının bu saata təyin edilməsinin meydan sahiblərinin azarkeşlər arasında lotereya təşkil etmələri ilə bağlılığı yoxdur. Ötən mövsümə nəzər salsanız, görərsiniz ki, “Sabah” – “Qarabağ” görüşü zamanı azarkeş rekordu qeydə alınmışdı. Həmin vaxt nə plan vardı, nə də proqram. Adi təqvim oyunlarından biri idi. “Sabah” klubu ev oyunlarına gələn azarkeş sayına görə 3-cüdür. "Bank Respublika Arena" yaşayış sıx olan yerdə yerləşir, eləcə də klub azarkeşlərlə işi yaxşı quranlardan biridir. Biz həftəiçinə təsadüf edən və maraq kəsb edən oyunları adətən iş saatı bitdikdən sonra təyin edirik. Bir məsələni də qeyd edim ki, “Qarabağ” və “Neftçi” kimi komandalar səfər oyununa çıxanda azarkeş sayına müsbət təsir edir. Bu da bir faktdır”.

PFL rəsmisi bu gün “Keşlə” və “Kəpəz” komandaları arasında Azərbaycan Kubokunun 1/8 final matçının iş saatında – 15:00-da başlamasına da aydınlıq gətirib: “Təqvimin əsasını şənbə və bazar günü təşkil edir. “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki oyunlarına görə bəzən matçlar həftəiçi də olur. Bu gün “Qarabağ” deyil, hər hansı digər komandamız da Avropa Liqasının qrupunda olsaydı, onun üçün də analoji addım atılacaqdı. Bu, əvvəlcədən müəyyən olunmuş qaydadır. Etiraf edək ki, kubokun hazırkı mərhələsi ilə Premyer Liqanın “Qarabağ” - “Sabah” oyununa azarkeş marağı eyni deyil. Bu, hamımızın bildiyi həqiqətdir. Əlavə şərhə ehtiyacı yoxdur. Bir də beynəlxalq təcrübədə də belə məqamlar var. Yəni kubok oyunları günündən asılı olmayaraq, daha erkən saata salına bilər".

PFL rəsmisi “Məgər Azərbaycan Kubokunda "Sabah-2" mübarizə aparacaq ki, klubun kubok oyununa həmin komandanın üzvlərinin də buraxıla biləcəyini nəzərə alırsınız?” sualına belə cavab verib: “Bu gün keçirilmiş “Keşlə” – “Kəpəz” görüşü bu sualınızın praktiki cavabıdır. Kubok özündə rotasiyaları assosasiya edir”.

“Sabah” Futbol Klubu isə məsələyə münasibət bildirmək istəməyib.

Qeyd edək ki, “Sabah” – “Ağsu” duelində qalib bir oyunla müəyyənləşəcək. Növbəti raunda vəsiqə qazanacaq komanda Azərbaycan Kubokunun sonuncu qalibi “Qəbələ” ilə üz-üzə gələcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi