Yuxarı

Azərbaycanda klub futbolunun inkişafına dair yeni təkliflər irəli sürülüb - SİYAHI

Təkliflər yeni Dövlət Proqramı üçün nəzərdə tutulub

Bakı. 29 aprel. REPORT.AZ/ "Bakı" klubu "2015 - 2020-ci illərdə Futbolun İnkişafına dair Dövlət Proqramı" üçün təkliflər hazırlayıb. Bu barədə "Report"a klubun icraçı direktoru Yaşar Seyidov məlumat verib.

Onun sözlərinə görə, təkliflər Azərbaycanda klub futbolunun inkişafı istiqamətində tədbirlər görülməsi məqsədilə işlənilib. Y.Seyidov həmin təklifləri də səsləndirib:

- Stadionlar klubların balansına verilsin;

- Hər bir klubun bazasına işıq, su, qaz və digər kommunal xidmətlər kommersiya qiymətləri ilə deyil, güzəştli şərtlərlə satılsın;

- Sponsorlar klubları maliyyələşdirmək üçün stimullaşdırılsın;

- Yerli icra hakimiyyəti orqanları həmin ərazidə fəaliyyət göstərən klublara cüzi faizlə vəsaitin köçürülməsini ticarət və digər gəlir gətirən obyektlər hesabına təmin etsin;

- İş adamlarına bizneslə məşğuliyyət şəraiti yaradılarkən, həmin ərazidəki futbol klubuna dəstək olmaları təmin edilsin. Əvəzində klublar həmin sponsorları forma, stadion kənarı və bütövlükdə idman qurğusunda reklam etsin;

- Klublar Məhdud Məsuliyyətli Cəmiyyətdən Açıq Səhmdar Cəmiyyətə çevrilsin;

Əsas heyətlə yanaşı aşağı yaş qrupları üzrə komandalar da müntəzəm olaraq beynəlxalq turnir və təlim-məşq toplanışlarında iştirak etsin;

- Bütün klubların nəzdində futbol akademiyaları yaradılsın və məşq proqramları təhsil məsələləri ilə tənzimlənsin;

- Klublara güzəştli şərtlərlə uzunmüddətli kreditlər verilsin.

"Bakı" rəsmisi bildirib ki, bu məsələ Klublar Komitəsinin iclasında da qaldırılıb. Y.Seyidov növbəti 5 il üçün hazırlanacaq proqrama böyük ümidlərlə yanaşdıqlarını vurğulayıb.

Qeyd edək ki, ilk Dövlət Proqramının icrasına 2005-ci ildən başlanılıb. Həmin Proqramın icrası bu il başa çatır. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi