Azərbaycan futbolunda əcnəbi baş məşqçilərlə vida zamanı yetişib - ARAŞDIRMA

Azərbaycan futbolunda əcnəbi baş məşqçilərlə vida zamanı yetişib - ARAŞDIRMA 25 il ərzində 53 xarici mütəxəssisdən cəmi 3-ü çempionluq, 2-si isə kubok qazanıb
Futbol
18 Aprel , 2018 12:16

Bakı. 18 aprel. REPORT.AZ/ 2018/2019 mövsümündən futbol üzrə Azərbaycan Premyer Liqasındakı bütün komandalara yerli mütəxəssislər rəhbərlik edə bilər.

“Report”un araşdırmalarına əsasən, əcnəbi baş məşqçilərlə işbirliyinə son verməyə zəmin yaradacaq bir sıra səbəblər var. Hazırda elita təmsilçilərindən ikisi – “Qəbələ” və “Keşlə” gəlmələrə güvənməkdədir. Ukraynalı Roman Qriqorçuk 2015-ci ilin yanvarından “qırmızı-qaralar”ın sükanı arxasında olduğu halda, həmyerlisi Yuri Maksimov bu il qış fasiləsində paytaxt klubunda işə başlayıb.

Qriqorçuk “Qəbələ”yə iki dəfə Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazandırmaqla, böyük uğura imza atsa da, daxili yarışlarda titulun əldə olunmaması onun işinə kölgə salır. Ötən mövsüm çempionluq yarışında və Azərbaycan Kubokunun finalında “Qarabağ”a uduzan Roman İosifoviç son həmləsinə hazırlaşır. Həmyerlisindən fərqli olaraq, Maksimov isə ilk və eyni zamanda, son cəhddə uğur qazanmağı hədəfləyib.

Cari çempionatda da “Qarabağ”ın çempionluğu böyük ölçüdə təmin etdiyini nəzərə alsaq, ümid Azərbaycan Kubokuna qalıb. Finala vəsiqə uğrunda məhz ukraynalı və azərbaycanlı baş məşqçilərin rəhbərlik etdikləri kollektivlər qarşılaşacaqlar. İlk matçlarda qeydə alınan nəticələrə əsasən, Tərlan Əhmədovun baş məşqçisi olduğu “Neftçi” ilə Yuri Maksimovun “Keşlə”sinin həlledici oyunda üz-üzə gəlmək ehtimalı daha böyükdür. Hərçənd, “Qəbələ”ni səfərdə 2:1 hesabı ilə üstələyən “ağ-qaralar”la müqayisədə, “Sumqayıt”ı evdə bir cavabsız qolla məğlub edən keşləlilərin işi daha çətin olacaq. Bu gün baş tutacaq cavab görüşlərində fərqli nəticələrin qeydə alınacağı istisna deyil.

Azərbaycan Kubokunu hansı komandanın qazanmasından asılı olmayaraq, Qriqorçuk və Maksimov üçün yolun sonu görünməkdədir. “Keşlə”nin baş məşqçisi paytaxt klubu rəhbərliyinin ona verdiyi vədlərə əməl etmədiyini və nəticədən asılı olmayaraq, postunu tərk edəcəyini şəxsən açıqlayıb. Roman İosifoviç açıq şəkildə dilə gətirməsə də, onun yalnız fiziki cəhətdən komandanın yanında olduğu son oyunlarda qeydə alınan nəticələrdən də aşkar görünməkdədir. “Qəbələ” ilə müqaviləsinin müddəti mayda başa çatacaq 53 yaşlı mütəxəssis karyerasını başqa yerdə davam etdirməyi planlaşdırır.

Düzdür, “Qəbələ” və “Keşlə”nin ukraynalı baş məşqçilərlə mövsümün sonunda vidalaşması onların yerinə yeni əcnəbilərin gəlməyəcəyi anlamını vermir. Lakin bu klubların da yerli mütəxəssislərə müraciət edəcəkləri gözlənilir. 

Ölkə futbolunda yeni dönəmin təməli “Azərbaycan Respublikasında 2005-2015-ci illərdə Futbolun İnkişafına dair Dövlət Proqramı”nın müddəti başa çatdıqdan sonra “Xəzər Lənkəran”, “Bakı”, “Simurq”, “Rəvan” kimi klubların böyük səhnədən çəkilmələri, digərlərinin büdcələrinin əhəmiyyətli dərəcədə azaldılması ilə atılıb. Son mövsümlərdə iki klub əvvəlki templə gedib – “Qarabağ” və “Qəbələ”. Ağdam təmsilçisi Çempionlar Liqasının (ÇL) qrup mərhələsinə vəsiqə qazanmaqla, xərclənən pulların və çəkilən əziyyətin bəhrəsini görübsə, qəbələlilər iki dəfə düşdükləri Avropa Liqasının qrup mərhələsi ilə kifayətləniblər.

UEFA-nın 2018/2019 mövsümündən etibarən avrokubokların reqlamentində tətbiq edəcəyi dəyişikliklər Azərbaycan kimi ölkələrin klublarının qrupa düşməsini çətinləşdirəcək. Belə olan təqdirdə, onların qarşısında iki seçim imkanı olacaq. Birinci istiqamət əvvəlkindən daha böyük vəsait xərcləməkdir ki, bu variant futboldan bir biznes sahəsi kimi gəlir götürməyən Azərbaycan klubları üçün uyğun deyil. Düzdür, xüsusən də ÇL-in qrupuna düşən zaman UEFA tərəfindən ən azı 15 milyon avrodan çox ödəniş edilir. Lakin qrupa vəsiqə qazanmağa kimsə zəmanət vermədiyindən, bəribaşdan milyonlar xərcləmək risklidir.

Azərbaycan klubları üçün ikinci və ən doğru variant qarşıdakı illərdə yerli mütəxəssislərə güvənmək və öz futbolçularını yetişdirmək, onlara bel bağlamaqla pillə-pillə böyüməkdir. Çünki böyük pullar olsa belə, səviyyəli legionerlər Azərbaycana gəlməkdə maraqlı deyillər. Digər tərəfdən, ÇL-də çıxış edən və buna can atan klubların skautları əksər oyunçuları nəzərdən keçirdikləri üçün çox istedadlı birinin Odlar Yurduna düşməsi çətin məsələdir. Azərbaycan Premyer Liqasının legionerlər üçün tramplin rolu oynamamasının başlıca səbəblərindən biri də elə budur. Biz yalnız öz yetirmələrimizi, hələ avropalıların baxmadıqları gəncləri xarici klublara təqdim edə bilərik.

Konkret, “Qəbələ”dən danışdıqda, bu klubun başqa bir probleminin olduğu da görünür: İstər bəzi səviyyəli yerli oyunçular, istərsə də əcnəbilər əyalətdə yaşamaq istəmirlər. Təsadüfi deyil ki, “qırmızı-qaralar” cari mövsümdə Bakıda məskunlaşıb, yalnız oyundan-oyuna Qəbələyə üz tutublar. Bu isə böyük klubun adına yaraşacaq, iş prinsiplərinə uyğun olacaq yanaşma deyil.

Ölkədə ən yaxşı futbol akademiyalarından birinə malik “Qəbələ”nin növbəti mövsümdə yerli mütəxəssisə və əsasən öz yetirmələrinə güvənəcəyi ehtimal olunur. Qəbələlilərin artıq digər klublara icarəyə verdikləri oyunçuları geri çağırmağa hazırlaşdıqları bildirilir.

“Keşlə”yə gəlincə, bu klubun prezidenti Zaur Axundov daha əvvəl əcnəbi məşqçilərə üstünlük verdiyini açıqlasa da, mövcud şərtlər gələcəkdə bu kursun davam etdirilməsini sual altında qoyub. Maksimov “Sumqayıt”la Azərbaycan Kubokunun ilk yarımfinal matçından sonra rəhbərliyin verdiyi vədləri yerinə yetirmədiyini söyləməklə yanaşı, maddi sıxıntıların yaşandığını, klubun gələcəyinin necə olacağını heç Axundovun da bilmədiyini açıqlayıb.

Maksimovun dedikləri yeni xəbər olmasa da, “Keşlə”nin gələcəyi üçün önəmli mesajdır. Maddi durumu yaxşı olmayan klubun növbəti mövsümdə əcnəbi məşqçiyə güvənəcəyi, büdcənin böyük qismini legionerlərə xərcləyəcəyi inandırıcı görünmür. Görünən odur ki, klubların çoxu “Sumqayıt” modelinə keçəcəklər. Digər tərəfdən, Azərbaycan çempionatında aylıq 1000 – 1500 manat maaşla da dirəniş göstərmək olar. Bunun üçün “Səbail” örnəyi var. Samir Əliyevin məşqçi işinin sayəsində komanda hazırda 6-cı pillədə qərarlaşıb, “Qəbələ” kimi komandanı evdə məğlub edir, səfərdə xal alır.

Son illərdə azərbaycanlı baş məşqçilərin gördükləri işlər təqdirəlayiqdir. Qurban Qurbanovun “Qarabağ”a ÇL-in qrup mərhələsinə vəsiqə qazandırması bir yana, Samir Abasov, Tərlan Əhmədov, Samir Əliyev, Ayxan Abbasov kimi mütəxəssislər də etimadı doğrultmaqdadırlar. Düzdür, A.Abbasovun “Zirə”si qış fasiləsindən sonra qələbə qazanmayıb və enişdədir. Lakin onun rəhbərlik etdiyi kollektiv Avropa Liqasının təsnifat mərhələlərində və mövsümün ilk yarısında sərgilədiyi futbol və əldə etdiyi nəticələr xoş təəssürat bağışlayıb.

S.Abasovun timsalında isə Azərbaycanda yeni, xarizmatik baş məşqçi obrazı yetişməkdədir. Onun rəhbərlik etdiyi “Sumqayıt” hazırda Premyer Liqada 39 xalla 3-cü pillədə qərarlaşmaqla yanaşı, Azərbaycan Kubokunda da finala vəsiqə şansını saxayıb. Digər tərəfdən, Azərbaycan millisinin son toplanışına Sumqayıt təmsilçisinin 4 futbolçusunun dəvət alması da yalnız yerli futbolçulardan formalaşan komanda ilə rəqiblərinə meydan oxuyan 40 yaşlı baş məşqçinin işinin bəhrəsidir.

S.Abasov son matçlardan sonra təşkil edilən mətbuat konfranslarında yay fasiləsində “Sumqayıt”dan ayrılacağına işarə edib. Hətta onun “Qəbələ” ilə ilkin razılığa gəldiyini söyləyənlər var. Yekunda necə olacağını zaman göstərəcək...

AFFA ötən ilinin sonunda əsas və aşağı yaş qrupları üzrə yığma komandaları yerli məşqçilərə tapşırmaqla, yeni kurs müəyyənləşdirib. Klubların da bu kursa uyğun hərəkət edəcəklərini düşünmək olar. Ən azı ona görə ki, Azərbaycan klublarını idarə edənlər milyonları əcnəbilərin ciblərinə doldurduqları halda, nəticəni, əsasən, yerli mütəxəssislər veriblər.

Cari mövsümü də nəzərə alsaq, Premyer Liqanın 25 illik tarixində 53 əcnəbi mütəxəssis çalışıb. 2001/2002 mövsümündə “Turan”a rəhbərlik etmiş Naci Şensoyla başlayan axının son nümayəndəsi Yuri Maksimovdur. Xarici baş məşqçilər arasında 1 oyundan sonra yola salınanları da olub, uzun müddət çalışanları da. Bu səbəbdən, onların hamısının adlarını xatırlatmaq çalışdıqları müddətdən də çox vaxt apara bilər.  

Digər tərəfdən, iş ondadır ki, bu 53 mütəxəssisdən yalnız 3-ü – Valentin Xodukin, Qyoko Haciyevski və Kaxaber Tsxadadze qızıl medal qazana bilib. Xodukinlə Tsxadadze artıq adını dəyişdirərək, "Keşlə" olan keçmiş "İnter"in, Haciyevski isə faktiki fəaliyyətini dayandırmış "Bakı"nın baş məşqçisi kimi bu nailiyyətə imza atıb. Özü də “əcnəbilərin paradı” ardıcıl 3 mövsümə təsadüf edib. Ölkənin ən titullu baş məşqçisi hesabında 5 çempionluq olan Ağasəlim Mircavadovdur. Qurban Qurbanov 4, Böyükağa Hacıyev, Kazbek Tuayev, Mehman Allahverdiyev 3, Əhməd Ələsgərov, Elbrus Abbasov və Arif Əsədov isə hərəyə bir dəfə Premyer Liqanın qalibi olublar.

Mövsüm Çempion Baş məşqçi Vətəndaşlıq
1992 Neftçi Əhməd Ələsgərov Azərbaycan
1993 Qarabağ Ağasəlim Mircavadov Azərbaycan
1993/94 Turan Kazbek Tuayev Azərbaycan
1994/95 Kəpəz Mehman Allahverdiyev Azərbaycan
1995/96 Neftçi Kazbek Tuayev Azərbaycan
1996/97 Neftçi Elbrus Abbasov Azərbaycan
1997/98 Kəpəz Mehman Allahverdiyev Azərbaycan
1998/99 Kəpəz Mehman Allahverdiyev Azərbaycan
1999/00 Şəmkir Ağasəlim Mircavadov Azərbaycan
2000/01 Şəmkir Ağasəlim Mircavadov Azərbaycan
2001/02 Yarımçıq dayandırılıb - Azərbaycan
2002/03 Keçirilməyib - Azərbaycan
2003/04 Neftçi Kazbek Tuayev Azərbaycan
2004/05 Neftçi Ağasəlim Mircavadov Azərbaycan
2005/06 Bakı Böyükağa Hacıyev Azərbaycan
2006/07 Xəzər Lənkəran Ağasəlim Mircavadov Azərbaycan
2007/08 Keşlə Valentin Xodukin Ukrayna
2008/09 Bakı Qyoko Hacıyevski Makedoniya
2009/10 Keşlə Kaxaber Tsxadadze Gürcüstan
2010/11 Neftçi Arif Əsədov Azərbaycan
2011/12 Neftçi Böyükağa Hacıyev Azərbaycan
2012/13 Neftçi Böyükağa Hacıyev Azərbaycan
2013/14 Qarabağ Qurban Qurbanov Azərbaycan
2014/15 Qarabağ Qurban Qurbanov Azərbaycan
2015/16 Qarabağ Qurban Qurbanov Azərbaycan
2016/17 Qarabağ Qurban Qurbanov Azərbaycan

Azərbaycan Kubokunda da oxşar vəziyyətdir. Geridə qalan 24 yarışda yalnız iki xarici baş məşqçi – Cüneyt Biçər (“Bakı”) və Mirça Rednik (“Xəzər Lənkəran”) titula sahib çıxıblar. Əvəzində Mehman Allahverdiyevlə Qurban Qurbanov hərəyə 4, Ağasəlim Mircavadovla Böyükağa Hacıyev hərəyə 3, Kazbek Tuayevlə Əsgər Abdullayev hərəyə 2, Məmmədəli Məmmədov, Vaqif Sadıqov, Əhməd Ələsgərov, və Norvuz Əzimov isə hərəyə 1 dəfə kubok sevinci yaşayıblar.

Mustafa Denizli, Aleksandr Starkov, Anatoli Konkov, Anatoli Demyanenko, Yuri Syomin kimi təcrübəli mütəxəssislərin öz ölkələri ilə müqayisədə, Azərbaycanda titulsuz qalmaları da nonsensdir. Heç Anatoli Konkov, Toni Adams, Bülent Korkmaz, Oğuz Çətinin timsalında tanınmış simalar da baş məşqçi qismində Odlar Yurdunda zirvəyə yüksələ bilməyiblər. Con Toşak isə hələ ki sonuncu dəfə 2013-cü ildə keçirilmiş Azərbaycan Super Kubokunun qalibi olmaqla kifayətlənib. 

Daxili yarışlarla yanaşı, avrokuboklarda ilkə imza atanlar da yerlilər olub. Mərhum Böyükağa Hacıyevin “Neftçi”si Avropa Liqasının qrupuna düşübsə, Qurban Qurbanovun “Qarabağ”ı ÇL-in qrup mərhələsinə vəsiqə qazanmaqla tarix yazıb.

Müstəqillik dönəmində yerlilərin əldə etdikləri nəticələri və dünya futbolunda, eləcə də ölkədəki mövcud şərtləri göz önünə alsaq, əcnəbi baş məşqçilərlə vida zamanının yetişdiyini söyləmək olar...

Son xəbərlər

Orphus sistemi