Yuxarı
    Bağlamaq

    Azərbaycan futbolu tarixində ilk dəfə ölkənin 2 klubu Avropa Liqasında mübarizəyə başlayır

    Qəbələ ilk turda Yunanıstan PAOK-u, Qarabağ İngiltərə Tottenhemi ilə qarşılaşacaq

    Bakı. 17 sentyabr. REPORT.AZ/ Bu gün Azərbaycanın 2 klubu ölkə futbolu tarixində ilk dəfə futbol üzrə Avropa Liqasının qrup mərhələsində mübarizəyə başlayacaq. "Report"un məlumatına görə, "Qəbələ" Bakıda Yunanıstan PAOK-u ilə, "Qarabağ" İngiltərənin paytaxtı Londonda "Tottenhem"lə qarşılaşacaq.

    Bu mövsüm "Qəbələ" ilkə imza ataraq, qrupda iştirak hüququna yiyələnib. Baş məşqçi Roman Qriqorçukun komandası ardıcıl olaraq, Gürcüstanın "Dinamo" (Tbilisi), Serbiyanın "Çukariçki", Kiprin "Apollon" və Yunanıstanın "Panatinaikos" klublarını mübarizədən kənarlaşdırıb. PAOK isə ardıcıl 3-cü mövsüm Avroliqanın qrup mərhələsində çıxış edəcək. 2013-2014 mövsümündə Saloniki təmsilçisi 1/16 finaladək irəliləməyi bacarıbsa, ötən mövsüm qrupda 3-cü yeri tutaraq, çıxışını dayandırıb.

    "Bakcell Arena"da keçiriləcək C qrupunun qarşılaşması saat 22:00-da başlanacaq. Görüşü referi Xavyer Estradanın başçılığı ilə ispaniyalı hakimlər briqadası idarə edəcək. Eyni saatda Almaniyanın "Borussiya" (Dortmund) komandası Rusiya "Krasnodar"ını qəbul edəcək.

    "Qarabağ" isə artıq ikinci mövsüm Avroliqanın qrup mərhələsində iştirak hüququ qazanıb. Ötən mövsüm baş məşqçi Qurban Qurbanovun komandası qrupda 3-cü yeri tutaraq, "pley-off"a yüksələ bilməyib. Əvəzində "Tottenhem" ardıcıl 6-cı mövsüm avrokubokların qrup mərhələsində çıxış edəcək. 2010-2011 mövsümündə londonlular Çempionlar Liqasında 1/4 finaladək irəliləməyi bacarıblar. Növbəti mövsüm bu komanda Avroliqanın qrup mərhələsindən çıxa bilməsə də, sonrakı 3 mövsümdə müvafiq olaraq, 1/4 final, 1/8 final və 1/16 final mərhələlərinədək yüksəlib.

    Amma Maurisio Poçettinonun baş məşqçi olduğu komanda hazırda İngiltərə Premyer Liqasında elə də yaxşı çıxış etmir. 5 turdan sonra 1 qələbə, 1 məğlubiyyət və 3 heç-heçə ilə 12-ci pillədə qərarlaşıb. "Qarabağ" isə Azərbaycan Premyer Liqasında ilk 4 turu 3 qələbə, 1 heç-heçə və 10 xalla 1-ci pillədə başa vurub.

    Qeyd edək ki, "White Hart Lane" stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə 18 sentyabr saat 00:05-də başlanacaq. Görüşü referi Adrian Jakkottenin rəhbərliyi altında isveçrəli hakimlər briqadası idarə edəcək. J qrupundakı digər oyun Belçika "Anderlext"i ilə Fransa "Monako"su arasında keçiriləcək.

    Avropa Liqası

    C qrupu

    22:00. "Qəbələ" (Azərbaycan) - PAOK (Yunanıstan)

    Baş hakim: Xavyer Estrada

    Yan xətt hakimləri: Migel Martines, Teodoro Sobrino

    Əlavə köməkçi hakimlər: Alexandro Hernandes, Santyaqo Xayme

    Dördüncü hakim: Dieqo Barbero Sevilya (hamısı İspaniya)

    Hakim-inspektor: Vladimir Antonov (Moldova)

    UEFA nümayəndəsi: Miroslav Rışka (Polşa)

    Bakı, "Bakcell Arena"

    J qrupu

    00:05. "Tottenhem" (İngiltərə) - "Qarabağ" (Azərbaycan)

    Baş hakim: Adrian Jakkotte

    Yan xətt hakimləri: Raffael Zeder, Vital Jobin

    Əlavə köməkçi hakimlər: Alen Byeri, Nikolay Hanni

    Dördüncü hakim: Yohannes Fogel (hamısı İsveçrə)

    Hakim-inspektor: Peter Fröydfeldt (İsveç)

    UEFA nümayəndəsi: Borxa Santana (İspaniya)

    London, "White Hart Lane" stadionu

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi