Elnur Məmmədov: "Azarkeşlərin stadionlara yandırıcı maddələr keçirməmələrindən ötrü bədən yoxlanışı aparılmalıdır"

Elnur Məmmədov: "Azarkeşlərin stadionlara yandırıcı maddələr keçirməmələrindən ötrü bədən yoxlanışı aparılmalıdır" Elnur Məmmədov tribunalarda söyüş söyülməsinə qarşı çıxıb
Futbol
15 Dekabr , 2014 12:36
Elnur Məmmədov: Azarkeşlərin stadionlara yandırıcı maddələr keçirməmələrindən ötrü bədən yoxlanışı aparılmalıdır

Bakı. 15 dekabr. REPORT.AZ/ "Azarkeşlər bizim əsas istehlakçımızdır və onların hüququnu klub qorumalıdır. Çünki azarkeş bizim üçün stadionlara gəlir". Bunu "Report"a açıqlamasında "Neftçi" futbol klubunun vitse-prezidenti Elnur Məmmədov deyib. 

E.Məmmədov bildirib ki, oyunlar zamanı azarkeşlərin məşəl yandırmaları üzündən klub AFFA İntizam Komitəsinin cərimələrinə məruz qalır. Nəticədə uşaq futboluna və ya hansısa layihəyə xərclənməli olan pul cəriməyə verilir. Klub rəsmisi yandırıcı və ya təhlükəli hesab edilə biləcək maddələrin stadionlara buraxılmamasına çalışdıqlarını söyləyib. Onun fikrincə, belə hallarda bədən yoxlanışı olmalıdır. 

"Neftçi" azarkeşləri Topaz Premyer Liqasının XV turunda "Qarabağ" komandası ilə oyun zamanı məşəl yandırdıqları üçün Tofiq Bəhramov adına Respublika stadionunun tribunalarından kütləvi şəkildə kənarlaşdırılıblar. E.Məmmədov bu olayı belə şərh edib: "Biz polis əməkdaşlarına yaxınlaşdıq və nə baş verdiyini soruşduq. Azarkeşlərlə əlaqələndirici şəxs də onlarla bir yerdə idi. Polis bizdən xahiş etdi ki, azarkeşlər üst geyimini çıxarmasınlar. Biz də əlaqələndirici şəxsi - fan-klub rəhbərliyini çağıraraq polislərin xahişini çatdırdıq. Onlar da bunu qəbul edib, üst geyimlərini geyindilər. Bilirsiniz, azarkeşin məşəl yandırmaları həyəcanlarının pik həddə çatdığını göstərir. Bu zaman onlara təzyiq göstərdikdə, əks-reaksiya verilir. Biz polislə bunu da müzakirə etdik. Belə hallarda bizə müraciət edilsin, gedib həmin azarkeşləri sakitləşdirək. Hətta lazım gələrsə, oyunu mərkəzi tribunadan yox, azarkeşlərlə eyni yerdən izləməyə də hazırıq. Çünki biz onların hüququnu qorumalıyıq. Ancaq azarkeşlərdən xahiş və tələbimiz qanuna riayət etmələridir".

Vitse-prezident, həmçinin bildirib ki, tribunalarda söyüşlərin qarşısı alınmalıdır: "Mən AFFA-da çalışdığım dönəmdə də azarkeşlərlə mütəmadi görüşlər keçirirdik. Bu, dünya futbolunda da müşahidə olunur. Ancaq söyüş söymək bizim mentaliletə uyğun deyil. Çünki stadiona xanım azarkeşlər, ailəsi ilə gələnlər də olur. Bizim o səviyyədə dəstək göstərməyimiz mentalitetimizə uyğun deyil".

Son xəbərlər

Orphus sistemi