Ayxan Abbasov: "Futbolçulara demişdim ki, “Qarabağ” səhvi bağışlamır"

Ayxan Abbasov: "Futbolçulara demişdim ki, “Qarabağ” səhvi bağışlamır" "Bu gün onlara iki qol vurduq, tezliklə məğlub da edəcəyik"
Futbol
26 Noyabr , 2017 22:54
Ayxan Abbasov: Futbolçulara demişdim ki, “Qarabağ” səhvi bağışlamır
Ayxan Abbasov

Bakı. 26 noyabr. REPORT.AZ/ "Gərgin oyun oldu. Matça yaxşı hazırlaşmışdıq. Lakin təəssüf ki, oyunun əvvəlində səhv etdik. Qarşılaşmadan da öncə uşaqlara demişdim ki, “Qarabağ” səhvi bağışlamır. Bundan sonra komanda bir qədər ruhdan düşdü. Bunun da nəticəsində rəqib ikinci qolu vurdu. Fasilədən sonra heyətdə dəyişiklik etməklə vəziyyəti nisbətən düzəldə bildik. Oyun yüksək tempdə keçdi".

"Report"un məlumatına görə, bunu "Zirə"nin baş məşqçisi Ayxan Abbasov evdə "Qarabağ"a 2:3 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XIII tur matçından sonra mətbuat konfransında deyib.

Gənc mütəxəssis jurnalistlərin suallarını da cavablandırıb...

Hakimliyi necə dəyərləndirərdiniz?

- Bəlli idi ki, yan xətt hakimləri bu tempə çatdıra bilmir. Heç vaxt hakimlər barədə danışmamışam. Ancaq iki ofsayd qərarında səhvə yol verdilər. Maraqlıdır ki, səhv etdiklərini də qəbul etmək istəmirlər. Ofsayd qərarları mənim olduğum yerdən verilmişdi. Hələ heç nə itirilməyib.

Qurban Qurbanov sizin işinizi bəyəndiyini dedi. Gələcəkdə milli komandalardan birində çalışmağı təklif etsə, razılaşarsınız?

- Qurban müəllimə təşəkkür edirəm. O, “Qarabağ”da baş məşqçim olub. Məşqçiliyə də onun təşəbbüsü ilə gəlmişəm. Amma bu gün üçün mən “Zirə”nin baş məşqçisiyəm. Əlbəttə, milli komandada işləmək şərəfdir. Ancaq hazırda mən özümü millidə görmürəm, buna hazır da deyiləm. Bütün diqqətimi “Zirə”yə yönəltmişəm.

Yusif Nəbiyevin əvəzlənməsi onun ilk iki qolda səhvi ilə əlaqədar idi?

- Limit futbolumuzun inkişafı üçündür. Ancaq bu, heç də həmişə komandanın xeyrinə olmur. Gördüm ki, Yusif oyunun tempinə uyğunlaşa bilmir. Buna görə onu əvəzləmək qərarına gəldim. Yusif istedadlı oyunçudur, ancaq bu qarşılaşmada onda alınmadı.

Komandada sanki psixoloji vəziyyət qaydasında deyildi, futbolçularda gərginlik hiss olunurdu...

- Gərginlik, əlbəttə, olacaq. “Qarabağ”a qarşı çıxış edirdik. Təzyiq var idi. Çalışmışdıq ki, bu gərginliyi futbolçulardan götürək. Çox istəyirdik ki, “Qarabağ”ı məğlub edək. Həmişə sual verirdiniz ki, “Qarabağ”a niyə qol vura bilmirik. Bu gün onlara iki qol vurduq, tezliklə məğlub da edəcəyik.

Son xəbərlər

Orphus sistemi