Bakı. 4 avqust. REPORT.AZ/ Kiprin Larnaka şəhər məhkəməsi "Apollon"un 20 yaşlı azarkeşinin oktyabradək stadionlara girişinə qadağa qoyub. "Report"un məlumatına görə, adı açıqlanmayan fanat "Qəbələ" ilə Avropa Liqasının III təsnifat mərhələsinin ilk görüşündə "Antonis Papadopulos" stadionuna fişəng keçirmək istərkən yaxalanıb.
O, bel çantasında 63 yandırıcı əşya ilə tribunaya girdikdə müşahidə kameraları vasitəsilə yaxalanıb. Polislər fanatı oyundan dərhal sonra həbs ediblər.
Qeyd edək ki, "Apollon" - "Qəbələ" matçında yerli azarkeşlər Azərbaycan komandasını və ölkəmizin bayrağını təhqir ediblər. Onlar, həmçinin meydana yad əşyalar atıblar. Oyunun uzatma dəqiqələrində baş hakim Sergey Boykonun təyin etdiyi penaltidən sonra oyunda fasilə yaranıb.