Yuxarı

Ansi Aqoli: "Qurban Qurbanovun sistemi fərdlər yox, komanda üçündür" - MÜSAHİBƏ

Qarabağın futbolçusu: Hamımız Seltiklə cavab oyununa köklənmişik

Bakı. 4 avqust. REPORT.AZ/ "Qarabağ" komandasının futbolçusu Ansi Aqollinin "Report"a müsahibəsi:


- Şotlandiya "Seltik"i ilə avqustun 5-də keçirəcəyiniz Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab görüşü barədə hansı fikirdəsiniz?

- Ağır oyun olacaq. "Seltik" çox yaxşı komandadır. Ümumiyyətlə, Çempionlar Liqasında hər bir oyun çətin keçir. Çünki bütün komandalar ən güclülərdir.

- Siz də hazırda "Qarabağ"ın ən güclü futbolçularındansınız. Oyunlar zamanı əvvəlki mövsümlə müqayisədə sol cinahdan hücumlara daha çox qoşulursunuz. Sağ cinah isə nisbətən passiv görünür. Bu, baş məşqçi Qurban Qurbanovun tapşırığıdır, yoxsa...?

- Şübhəsiz ki, bu, Qurbanovun tapşırığıdır. Meydanda etdiklərimizin hamısı baş məşqçimizin təlimatlarından irəli gəlir. Qaldı ki, sağ cinah da hücuma atılır.

- İlk oyunda 0:1 hesabı ilə uduzmusunuz. Bu nəticə revanş üçün əlverişlidir?

- Cavab görüşünün necə nəticələnəcəyini bilmirəm. Amma komandama kömək üçün əlimdən gələnin ən yaxşısını etməyə çalışacağam. Hamımız bu oyuna köklənmişik.

- Cavab görüşündə sürətli qol vurmaq, yoxsa təzyiqi tədricən artıraraq, istəyinizə çatmaq niyyətindəsiniz?

- Biz bunu oyun start götürdükdən sonra görəcəyik. İndidən nə deyə bilərəm? Hazırda biz cavab görüşünə tam konsentrasiya olunmuşuq.

- "Qarabağ" Muarem Muarem və Leroy Corc kimi cinah yarımmüdafiəçilərini itirdikdən sonra necə təsir bağışlayır?

- Kimin oynamasından asılı olmayaraq, "Qarabağ" hər zaman yaxşı komandadır. Eynilə fərqi yoxdur: Ya mən oynayım, ya da başqası. Qurban Qurbanovun sistemi fərdlər yox, komanda üçündür. Leroy və Muarem kimi Dani Kintana və Alharbi Əl Jadeyaui də yaxşı futbolçudur.

- Komandanın aparıcı futbolçusu kimi necə düşünürsünüz: Hazırkı heyət qrup mərhələsinə vəsiqə qazanmaq üçün yetərlidir, yoxsa yeni transferə yenə ehtiyac var?

- Bu gün futbolda hər şey mümkündür. Əminliklə cavab verə bilmərəm. Çünki qrup mərhələsinə vəsiqə qazanmaq üçün bütün oyunlarda vuruşmaq lazımdır. Biz hələ qrupa düşməmişik ki, suala konkret cavab verim. Amma hər oyunda vuruşuruq və rəqiblərə qarşı konsentrasiya oluruq. Bu baxımdan, hazırda "Seltik"lə cavab oyunumuz çox vacibdir. Çünki bu, ən azı Avropa Liqasının qrup mərhələsinə vəsiqə verir. Bizim fikirlərimiz yalnız bu oyundadır.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi