Bakı. 15 noyabr. REPORT.AZ/ Türkiyənin "Qalatasaray" klubunun futbolçusu Lukas Podolski Almaniya milli komandası ilə rəsmən vidalaşacaq.
"Report"un məlumatına görə, bu barədə Bundestimin meneceri Oliver Birhoff açıqlama verib.
O bildirib ki, vida matçı 2017-ci il martın 22-də İngiltərə ilə yoldaşlıq görüşünə təsadüf edəcək. Oyun Dortmund şəhərində baş tutacaq.
Podolski 4 iyun 1985-ci ildə Polşada doğulsa da, 2 yaşında ikən valideynləri ilə birgə köçdüyü Almaniyanın yığmasında oynamağı üstün tutub. O, əvvəllər "Köln", "Bavariya", İngiltərənin "Arsenal" və İtaliyanın "İnter" klublarında da çıxış edib. Təcrübəli hücumçu 2004-cü ildən çıxış etdiyi, 129 oyuna 48 qol vurduğu və 2014-cü ildə dünya çempionu olduğu yığmadan avqustun 15-də ayrıldığını bəyan edib.
Qeyd edək ki, bundan 4 gün sonra Almaniya millisi Bakıda Azərbaycan yığması ilə 2018-ci il dünya çempionatının seçmə qrup matçında üz-üzə gələcək. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq.