Yuxarı

Kriştianu Ronaldu karyerasını "Real Madrid"də başa vuracaq

Bu barədə futbolçunun agenti açıqlama verib

Bakı. 28 dekabr. REPORT.AZ/ Portuqaliya milli komandasının futbolçusu Kriştianu Ronaldu karyerasını İspaniya "Real Madrid"ində başa vuracaq. "Report"un AS nəşrinə istinadən məlumatına görə, bu barədə 30 yaşlı hücumçunun agenti Jorje Mendeş açıqlama verib.

"Ronaldu bütün zamanların ən yaxşı futbolçusudur. Əminəm ki, növbəti 4 - 7 ildə də "Real Madrid"də oynayacaq, karyerasını da elə orada başa vuracaq. Kriştianu bu komandada xoşbəxtdir və 40 yaşında butslarını mıxdan asacaq" - deyə Mendeş bildirib.

Qeyd edək ki, Kriştianu Ronaldunun hazırkı müqaviləsi 2018-ci ilin iyununda başa çatacaq. Portuqaliyalı hücumçu "Real Madrid"ə 2009-cu ilin yayında İngiltərə "Mançester Yunayted"indən 94 milyon avroya keçib. Oktyabrda dostu - "Şeffild Uensdey"in futbolçusu Joze Semedu "Qızıl top"un hazırkı sahibinin karyerasını İngiltərədə başa vurmaq istədiyini açıqlayıb. Ronaldunun özü isə bundan bir ay öncə gələcəkdə ABŞ-da oynamağı planlaşdırdığını söyləyib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi