Yuxarı
    Bağlamaq

    AFFA "Rəvan" klubunun xalını silib

    Neftçi, Qarabağ, Kəpəz və Zirə klubları cəzalanıb

    Bakı. 14 sentyabr. REPORT.AZ/ AFFA-nın İntizam Komitəsi Azərbaycan I divizionunda çıxış edən "Rəvan" klubunun 3 xalını silib. "Report"un məlumatına görə, cəza FİFA-nın AFFA-ya göndərdiyi məktuba görə verilib.

    Avqustun 22-də ali futbol qurumu AFFA-ya məktub ünvanlayaraq FIFA-nın Nizam-İntizam Komitəsinin "Rəvan” klubu haqqında qərar qəbul etdiyini bildirib. Qərarda "Rəvan"la həmin klubda çıxış etmiş futbolçu Miloş Adamoviç arasında bağlanmış müqavilə şərtlərinə klubun riayət etmədiyi səbəbindən cari mövsüm aktivindən 3 xal silinməsi göstərilib. I turdan sonra "Rəvan"ın aktivində xal yoxdur. Qərardan sonra "Rəvan" -3 xalla mübarizəyə davam edəcək.

    Komitə futbol üzrə Azərbaycan Premyer Liqasının IV turunda baş verənlərlə bağlı qərarları açıqlayıb. Qurum 4 klubu cəzalandırıb. Premyer Liqanın IV turunun "Neftçi" – "Qəbələ" matçının 5-ci və 48-ci dəqiqələrində meydan sahiblərinin azarkeşlərinin pirotexniki vasitələrdən istifadə etməsi kluba 800 manata başa gəlib.

    "Kəpəz"lə matçda 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün "Zirə" 800 manat cərimələnib. Oyunun 57-ci dəqiqəsində yerli azarkeşlər tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün "sarı-göylər" 1600 manat ziyana düşüb.

    AZAL-la oyunu topdaşıyan uşaqlarla təmin etməyən "Qarabağ"a isə 400 manat cərimə kəsilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi