​AFFA prezidenti U-17-nin Avropa çempionatındakı çıxışını dəyərləndirib

​AFFA prezidenti U-17-nin Avropa çempionatındakı çıxışını dəyərləndirib "Avropa çempionatını komandamız 4 xalla başa vurdu. Bu, heç də pis nəticə deyil"
Futbol
11 May , 2016 18:24
​AFFA prezidenti U-17-nin Avropa çempionatındakı çıxışını dəyərləndirib

Bakı. 11 may. REPORT.AZ/ AFFA prezidenti Rövnəq Abdullayev 17 yaşadək futbolçular arasında keçirilən Avropa çempionatının Azərbaycan-Şotlandiya oyunundan sonra jurnalistlərin suallarını cavablandırıb. "Report" həmin müsahibəni təqdim edir. 

- 17 yaşadək futbolçulardan ibarət milli komandamız Avropa çempionatındakı son oyununda Şotlandiyanı 1:0 hesabı ilə məğlub etdi. Qarşılaşmadan razı qaldınız?

- Oyun ərzində hər şey yaxşı alındı. Gənclərimiz çox yaxşı oynadılar. Birinci oyunda komanda böyük hesabla uduzmuşdu. Amma həmin məğlubiyyətdən sonra komanda özündə güc tapdı. Belçikaya qarşı yaxşı oynadıq. Yekunda 1 xalla kifayətləndik. Bu gün isə 3 xala sahib çıxdıq. Avropa çempionatını komandamız 4 xalla başa vurdu. Bu, heç də pis nəticə deyil. Nəzərə almaq lazımdır ki, Avropa çempionatında ən güclülər mübarizə aparır. Bu qələbə göstərdi ki, U-17 yığmamız düz yoldadır.

- Demək olar ki, komandamızın bəxti gətirmədi? Çünki ilk oyunda Portuqaliya ilə qarşılaşmasaydıq, bəlkə də millimiz qrupdan çıxa bilərdi...

- Razıyam, müəyyən qədər bəxtimiz gətirmədi. Portuqaliya ilə oyunda komandamıza stadiondakı atmosfer də müəyyən təsir göstərdi.

- 3 oyunun hansından daha çox zövq aldınız?

- Udduğumuz oyundan. Bu gün komandanı həqiqətən çox bəyəndim. Düzdür, Belçikaya qarşı da yaxşı oynamışdıq. Amma bu gün qələbə qazandıq və 3 xal qazanmaq hər zaman xoşdur.

- 2020-ci ildə Avropa çempionatına ev sahibliyi edəcəyik. Həmin vaxta qədər güclü yığma formalaşdırmaq mümkün olacaq?

- Bakı qitə çempionatını qəbul edəcək 13 şəhərdən biridir. Biz də həmin yarışa qədər güclü komanda hazırlamalıyıq. Eləcə də Avropa çempionatına vəsiqə qazanmaq lazımdır. 2018-ci ildə dünya çempionatının seçmə mərhələ oyunlarından artıq bu prosesə start verilməlidir.

- U-17 yığmamızın baş məşqçisi Təbriz Həsənovun işindən razı qaldınız?

- Təbii ki. Onun işindən necə narazı qala bilərəm? Komandamız bu gün gözəl qələbə ilə bizi sevindirdi.

Son xəbərlər

Orphus sistemi