Yuxarı

AFFA prezidenti "Qarabağ" və "Qəbələ"ni təbrik edib

Hər iki klubumuza qrup mərhələsində uğurlar arzulayıram

Bakı. 26 avqust. REPORT.AZ/ AFFA-nın prezidenti Rövnəq Abdullayev "Qarabağ" və "Qəbələ" klublarının Avropa Liqasının qrup mərhələsinə yüksəlmələri münasibətilə təbrik edib. "Report"un məlumatına görə, federasiyanın rəsmi saytına açıqlama verən R.Abdullayev ölkənin bütün futbol ictimaiyyəti, hər bir azarkeş və futbolsevərlərin bu sevincə şərik olduğunu bildirib.

Federasiya prezidenti bildirib ki, bu uğur futbolun inkişafı yolunda düzgün istiqamət götürüldüyünü sübuta yetirir: "Dünən axşam Avropanın bir sıra ölkələrində olduğu kimi, Azərbaycanda da çox böyük futbol həyəcanı yaşanırdı. Avropa Liqasının "pley-off" oyunlarını başqa cür izləmək, nəticələrə emosiyasız, sakit yanaşmaq çox çətindir. Sevinirəm ki, bizim həyəcanımızı, narahatlığmızı bu turnirdə çıxış edən hər iki klubumuz – “Qarabağ” və “Qəbələ” qrup mərhələsinə vəsiqə qazanmaqla unutdura bildi. Əminəm ki, ölkəmizin bütün futbol ictimaiyyəti, hər bir azarkeş, futbolsevər sevincimizə şərikdir. “Qarabağ” artıq üçüncü, “Qəbələ” isə ikinci dəfə qitənin mötəbər klub turnirinin qrup mərhələsinə vəsiqə qazanmaqla əvvəlki uğurların təsadüfi olmadığını, futbolun inkişafı yolunda düzgün istiqamət götürüldüyünü sübuta yetirdi. Hər iki klubumuza qrup mərhələsində uğurlar, azarkeşlərinə qələbə sevinci bəxş etmələrini arzulayıram”.

Qeyd edək ki, "Qarabağ" və "Qəbələ"nin qrup mərhələsindəki rəqibləri bu gün müəyyənləşəcək. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi