AFFA prezidenti Azərbaycan futbolu ilə bağlı mühüm məsələlərə aydınlıq gətirib

AFFA prezidenti Azərbaycan futbolu ilə bağlı mühüm məsələlərə aydınlıq gətirib "Çempionatın yayımı üçün tender keçiriləcək"
Futbol
6 Mart , 2015 14:56
AFFA prezidenti Azərbaycan futbolu ilə bağlı mühüm məsələlərə aydınlıq gətirib

Bakı. 6 mart. REPORT.AZ/ AFFA-nın prezidenti Rövnəq Abdullayev İcraiyyə Komitəsinin iclasından sonra jurnalistlərin suallarını cavablandırıb. 

"Report"un məlumatına görə, R.Abdullayev ilk olaraq AFFA-nın İcraiyyə Komitəsinin üzvləri ilə birlikdə uzunmüddətli və ağır iclasın keçdiyini, mühüm qərarların qəbul olunduğunu deyib.

Onun sözlərinə görə, iclasda böyük fikir ayrılığına səbəb olan məsələlər müzakirə olunub. Bu da 21 və 23 yaşlı futbolçuların maaşlarına limitin qoyulması ilə bağlıdır: "Məşqçilər Komitəsi və Klublar Komitəsinin tövsiyələrini nəzərə alaraq, gənc oyunçuların inkişafına təkan verəcək qərar qəbul etdik. 21 yaşlı futbolçuların maaşlarına sərhəd qoyulacaq. Bunu da qiymətlərin süni şişirdilməməsi üçün klubların tələbi ilə etdik. Gənclərin oynaması üçün şərait yaratdıq. Onları eyni səviyyədə saxlamaq üçün də maaşlarına limit qoyuldu". 

R.Abdullayev bildirib ki, 21 yaşadək 30 min, 23 yaşadək futbolçulara isə 50 min manatadək illik maaş limiti verilib: "Əgər bu oyunçu millidə oynayırsa, bu məbləğ 50%-ə qədər qaldırıla bilər. Bundan yuxarı maaş verməyə klubun icazəsi yoxdur. Əgər belə hal müşahidə olunarsa, futbolçu bir il müddətinə futboldan uzaqlaşdırılacaq, klubun isə çempionatdakı müəyyən xalı silinəcək".

AFFA prezidenti qəbul olunan digər bir məsələnin yayımla bağlı olduğunu vurğulayıb. O, yeni mövsümdən çempionat oyunlarının yayımı üçün tender keçiriləcəyini bildirib. Tenderdə qalib gələn televiziya da Azərbaycan Premyer Liqasının yayım hüququna malik olacaq: "Yayımdan gələn gəlir Premyer Liqa klubları arasında eyni bölünəcək. Gələcəkdə isə reytinqə görə klublara yayım pulu veriləcək. Məbləğin müəyyən hissəsi isə Peşəkar Futbol Liqasında saxlanılacaq". 

O qeyd edib ki, bütün dünyada futbol gəlirinin 60%-i televiziya yayımıdır: "Biz də bunu yerinə yetirməliyik. Futbol jurnalistlərin dediyi dildə desək "çörək"dir və onu satmalıyıq. Pulsuz məhsul yoxdur".

Yeni mövsüm barədə danışan AFFA prezidenti deyib ki, yeni mövsümdən də Premyer Liqada 10 komanda oynayacaq: "2 komanda gedəcək, aşağı dəstədən isə 2 komanda gələcək. Bu da lisenziyalaşmış komanda olacaq. Yəni UEFA-nın qaydalarına əsasən, lisenziyası olan klub Premyer Liqada oynayacaq. Əks təqdirdə həmin komanda Premyer Liqaya buraxılmayacaq. "Sumqayıt" yaxşı nəticələr verir. Aqil Məmmədov legionersiz yaxşı komanda yığıb. Milliyə 3 futbolçu verib və bu da yaxşı nəticədir. Arzu edərdim ki, bütün klublar bu nəticəni versinlər".

AFFA prezidenti həmçinin daxili çempionata azarkeşlərin marağının az olduğunu bildirib: "Futbolda yerli amili böyük faktordur və təəssüf edirəm ki, klublar bundan istifadə edə bilmir. Mən "Neftçi"də işləyəndə lotoreya, uduşlar və s. amillərlə azarkeş yığırdıq. "Qarabağ"la o vaxtki oyuna 25 min adam yığmışdıq. İndi klubların buna həvəsi yoxdur. Elə bil gizli oynamaq bunlar üçün rahatdır, heç kim fitə basmır, istefa qışqırmır".

Son xəbərlər

Orphus sistemi