Yuxarı

AFFA İntizam Komitəsi "Böyük oyun"da baş verənlərlə bağlı cəzalarını açıqlayıb

Xəzər Lənkəran klubu 6000 manat, Neftçi 6400 manat cərimələnib

Bakı. 25 noyabr. REPORT.AZ/ AFFA İntizam Komitəsi futbol üzrə Topaz Premyer Liqasının XIII turunun “Xəzər Lənkəran” - “Neftçi” matçında baş verənlərlə bağlı qərarlarını açıqlayıb. "Report"un məlumatına görə, meydan sahibi qismində çıxış edən Lənkəran klubu 6000 manat, paytaxt komandası 6400 manat cərimələnib.

Oyunun 45+2-ci dəqiqəsində “Xəzər Lənkəran” klubunun futbolçusu Sadio Tounkara aqressiv hərəkəti üzündən birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klub 2000 manat cərimə olunub. 74-cü dəqiqədə “Xəzər Lənkəran”ın daha bir futbolçusu Əfran İsmayılov eyni səbəbdən meydanı tərk etməli olub. Ə.İsmayılov 2 oyun cəzalanıb, klub 2000 manat cərimələnib. Hər iki futbolçulara verilmiş cəzanın bir oyunu şərti cəza kimi tətbiq olunub və onlara 6 aylıq sınaq müddəti verilib. Sınaq dövründə futbolçu yenidən cəzalanacağı təqdirdə sanksiyanın dayandırılmış hissəsi avtomatik bərpa olunacaq. 90+4-cü dəqiqədə “Xəzər Lənkəran” azarkeşləri tərəfindən meydana kənar əşya atıldığından cənub klubu 2000 manat cərimələnib.

Oyun ərzində 4-dən çox, daha dəqiqi, 5 futbolçusunun sarı vərəqə alması səbəbindən “Neftçi” 1000 manat cərimə olunub. 16-cı dəqiqədə qonaq komandanın qapıçısı Emil Balayev sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimələnib. 50-ci dəqiqədə “Neftçi”nin futbolçusu Elnur Allahverdiyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılıb. Oyun bitdikdən sonra isə o, AFFA, PFL və hakimi təhqir edib. Bu səbəbdən E.Allahverdiyev 6 oyunluq cəzalanıb, klub 5200 manat cərimələnib.

Qeyd edək ki, "Xəzər Lənkəran" - "Neftçi" matçında qalib müəyyənləşməyib - 2:2. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi