AFFA İntizam Komitəsi "Böyük oyun"da baş verənlərlə bağlı cəzalarını açıqlayıb

AFFA İntizam Komitəsi "Böyük oyun"da baş verənlərlə bağlı cəzalarını açıqlayıb "Xəzər Lənkəran" klubu 6000 manat, "Neftçi" 6400 manat cərimələnib
Futbol
148
25 Noyabr , 2014 15:29
AFFA İntizam Komitəsi Böyük oyunda baş verənlərlə bağlı cəzalarını açıqlayıb

Bakı. 25 noyabr. REPORT.AZ/ AFFA İntizam Komitəsi futbol üzrə Topaz Premyer Liqasının XIII turunun “Xəzər Lənkəran” - “Neftçi” matçında baş verənlərlə bağlı qərarlarını açıqlayıb. "Report"un məlumatına görə, meydan sahibi qismində çıxış edən Lənkəran klubu 6000 manat, paytaxt komandası 6400 manat cərimələnib.

Oyunun 45+2-ci dəqiqəsində “Xəzər Lənkəran” klubunun futbolçusu Sadio Tounkara aqressiv hərəkəti üzündən birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klub 2000 manat cərimə olunub. 74-cü dəqiqədə “Xəzər Lənkəran”ın daha bir futbolçusu Əfran İsmayılov eyni səbəbdən meydanı tərk etməli olub. Ə.İsmayılov 2 oyun cəzalanıb, klub 2000 manat cərimələnib. Hər iki futbolçulara verilmiş cəzanın bir oyunu şərti cəza kimi tətbiq olunub və onlara 6 aylıq sınaq müddəti verilib. Sınaq dövründə futbolçu yenidən cəzalanacağı təqdirdə sanksiyanın dayandırılmış hissəsi avtomatik bərpa olunacaq. 90+4-cü dəqiqədə “Xəzər Lənkəran” azarkeşləri tərəfindən meydana kənar əşya atıldığından cənub klubu 2000 manat cərimələnib.

Oyun ərzində 4-dən çox, daha dəqiqi, 5 futbolçusunun sarı vərəqə alması səbəbindən “Neftçi” 1000 manat cərimə olunub. 16-cı dəqiqədə qonaq komandanın qapıçısı Emil Balayev sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimələnib. 50-ci dəqiqədə “Neftçi”nin futbolçusu Elnur Allahverdiyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılıb. Oyun bitdikdən sonra isə o, AFFA, PFL və hakimi təhqir edib. Bu səbəbdən E.Allahverdiyev 6 oyunluq cəzalanıb, klub 5200 manat cərimələnib.

Qeyd edək ki, "Xəzər Lənkəran" - "Neftçi" matçında qalib müəyyənləşməyib - 2:2. 

Son xəbərlər

Orphus sistemi