AFFA "Feyenoord"un futbolçusuna təklif göndərib

AFFA "Feyenoord"un futbolçusuna təklif göndərib 18 yaşlı yarımmüdafiəçi Antalyaya dəvət edilib
Futbol
30 Dekabr , 2016 11:22
AFFA Feyenoordun futbolçusuna təklif göndərib

Bakı. 30 dekabr. REPORT.AZ/ AFFA Hollandiyanın "Feyenoord" klubunda çıxış edən türk əsilli futbolçu Ozancan Kökcü üçün təklif göndərib. "Report"un məlumatına görə, 18 yaşlı yarımmüdafiəçi Yaşar Vahabzadənin baş məşqçi olduğu komandanın Türkiyənin Antalya bölgəsində yanvarda keçirəcəyi təlim-məşq toplanışına qoşulacaq.

O, etimadı doğruldacağı təqdirdə, Azərbaycanın U-21 yığmasının növbəti hazırlıq proseslərinə dəvət alacaq. AFFA-nın texniki direktorunun müavini Zaur Hacıməhərrəmov "Report"a açıqlamasında futbolçunun hələ milliyə rəsmən qəbul olunmadığını deyib. Onun sözlərinə görə, Antalya toplanışı Ozancan Kökcü üçün baxış məqsədi daşıyacaq: "Bəzi mövqeləri gücləndirmək istəyirik. Toplanışa baxış məqsədilə çağırılır. Tək həmin futbolçu deyil, başqa bir neçə oyunçu da var. Həmin mövqelər üçün ölkəmizdə oyunçu yoxdur. Baş məşqçi Kökcünü bəyənəcəyi təqdirdə, müraciətin hansı ölkəyə olunacağını indidən dəqiq deyə bilmərəm. Baş məşqçi qərar verəndən sonra məsələyə aydınlıq gələcək".

Qeyd edək ki, "Feyenoord"un U19 və U-21 komandalarında çıxış edən Kökcü İngiltərənin "Mançester Siti" və İtaliyanın "Latsio" klublarının da maraq dairəsindədir. O, həm Türkiyə, həm də Hollandiya vətəndaşıdır. Futbolçunun "Feyenoord"la hazırkı müqaviləsi mövsümün sonunda başa çatır. Klub yeni müqavilə təklif etsə də, Ozancan Kökcü hələ qərar verməyə tələsmir.

Son xəbərlər

Orphus sistemi