AFFA Beynəlxalq Bankın imtina etdiyi kluba səlahiyyətli nümayəndə təyin edib

AFFA Beynəlxalq Bankın imtina etdiyi kluba səlahiyyətli nümayəndə təyin edib Yeni sponsor axtarışına başlanılıb
Futbol
31 Yanvar , 2017 14:47
AFFA Beynəlxalq Bankın imtina etdiyi kluba səlahiyyətli nümayəndə təyin edib

Bakı. 31 yanvar. REPORT.AZ/ AFFA Bakının "İnter" klubunun idarəçiliyini fevralın 1-dən üzərinə götürəcək. 

"Report"un qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, bununla əlaqədar Rəmiş Malıyev “İnter” Peşəkar İdman Klubunda səlahiyyətli nümayəndə təyin edilib.

Malıyev Rəmiş Təzəxan oğlu 1976-cı il iyunun 16-da Bakıda anadan olub. 1997-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq fakültəsini bitirib. 2008-ci il iyulun 1-dən AFFA-da hüquqşünas kimi fəaliyyətə başlayıb. Hazırda AFFA-nın Hüquq və Kadr şöbəsinin müdiri vəzifəsində çalışır. UEFA-nın Hüquq komitəsinin üzvü və UEFA-nın Azərbaycan üzrə danışılmış oyunlara qarşı mübarizə sahəsində nümayəndəsidir.

17 yaşadək qadın futbolçular arasında 2012-ci ildə Azərbaycanda keçirilmiş dünya çempionatı və kişilər arasında 2016-cı ildə Azərbaycanda keçirilmiş Avropa çempionatının Təşkilat Komitəsinin üzvü olub. Ailəlidir, 3 övladı var. 

Qeyd edək ki, “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) İdarə Heyəti bank tərəfindən “İnter” Peşəkar İdman Klubuna sponsorluğun dayandırılması haqqında qərar verib. ABB tərəfindən verilən rəsmi açıqlamada sponsorluğun dayandırılmasında məqsəd yeni fəaliyyət mərhələsində olan bankda biznesin optimallaşdırılması və restrukturizasiya proseslərinin aparılması göstərilir.

Bankın müvafiq qərarla əlaqədar AFFA-ya müraciətinə və bank ilə AFFA arasında bağlanmış müqaviləyə uyğun olaraq, “İnter” Peşəkar İdman Klubunun idarəçiliyini qarşı tərəfə verir. AFFA tərəfindən ABB-nin təklifinin qəbul edilməsində məqsəd Azərbaycan futbolunun, həmçinin futbolçuların maraqlarını qorumaq, Premyer Liqanın əsas komandalarından biri olan “İnter”in mövsümün sonuna qədər fəaliyyətini təmin etməkdir. AFFA klubun idarəetməsini öz üzərinə götürməklə bərabər yeni sponsor axtarışına başlayıb.

Son xəbərlər

Orphus sistemi