İtaliyanın "Milan" klubunun futbolçusu Zlatan İbrahimoviç siyasət və irqçilik mövzusunda danışıb.
"Report" "The Guardian"a istinadən xəbər verir ki, 40 yaşlı forvard ABŞ-ın "Los-Anceles Leykers" komandasında çıxış edən basketbolçu Lebron Ceyms haqqında dediklərini xatırladıb.
İsveçli forvard idmanın insanları birləşdirdiyini söyləyib: "Siyasət insanları bölür. Əgər irqçilikdən danışırıqsa, bu, başqadır. Mən siyasətlə məşğul deyiləm. Bunu etsəydim, indi prezident olardım. Lebron Ceymsi şəxsən tanımıram və onu mühakimə etməyi də düşünmürəm. İrqçiliyə qarşı nə fikirləşsə, haqlıdır. Çünki 50 min insanın sənə qaraçı deməsi də irqçilikdir. Amma mən siyasətlə yox, idmanla məşğulam".
Qeyd edək ki, İbrahimoviç daha əvvəl Ceymsin siyasətdə həddindən artıq aktiv olduğunu bildirib. Basketbolçu isə öz növbəsində sosial ədalətsizlik və irqi problemlər qarşısında heç vaxt səssiz qalmayacağını vurğulayıb.