"Zirə"nin prezidenti: "O futbolçularla hələ qışda vidalaşmaq istəyirdik"

"Zirə"nin prezidenti: "O futbolçularla hələ qışda vidalaşmaq istəyirdik" Əslində komandanın özəyini saxlamışıq, hazırda ətrafını da düzəldərək, daha iddialı komanda qurmaq istəyirik.
Futbol
8 İyul , 2019 11:49
Zirənin prezidenti: O futbolçularla hələ qışda vidalaşmaq istəyirdik

"Əslində komandanın özəyini saxlamışıq, hazırda ətrafını da düzəldərək, daha iddialı komanda qurmaq istəyirik".

Bunu "Report"a açıqlamasında "Zirə"nin prezidenti Natiq İsmayılov komandanın yay hazırlıq dövrü barədə danışarkən deyib. Klub rəsmisi qarşıdakı mövsüm üçün təlim-məşq toplanışına iyunun sonlarından başladıqlarını bildirib. O, Bakıdakı toplanışın ardından Türkiyəyə yollanacaqlarını diqqətə çatdırıb.

İsmayılovun sözlərinə görə, yerli bazardan istədikləri transferlər edilsə də, yenə bir neçə futbolçunun gəlişi istisna deyil: "Əlbəttə, yenə oyunçu götürəcəyik. Legionerlərlə yanaşı, çalışacağıq ki, yerlilər də olsun. Hazırda diqqətimizi xarici bazara yönəltmişik. Ola bilsin, 3-4 legioner də götürdük. Yeni aldığımız yerli oyunçulardan razıyıq. Onlar istədiyimiz futbolçulardır. Ümidvaram ki, məşqçilər heyətimiz bəyənsə, yenə yerli oyunçu götürə biləcəyik. Düzdür, azərbaycanlı futbolçu tapmaq problemdir. Amma buna çalışacağıq".

Klub prezidenti hədəflərindən də söz açıb. O, yenə bütün oyunlarda maksimum nəticə və Avropa kuboklarına vəsiqə uğrunda mübarizə aparacaqlarını vurğulayıb: "İstədiyimiz oyunçuların çoxu heyətimizdə qalıb. Göndərilənlərin əksəriyyəti ilə baş məşqçimiz Samir Abasov hələ qışda vidalaşmaq istəyirdi. Sadəcə, həmin vaxt futbolçuların müqavilələri qüvvədə idi. Ona görə də göndərə bilmirdik".

"Zirə"nin "Sabah"a 3:5 hesabı ilə uduzduğu yoxlama matçındakı çıxışına da toxunan İsmayılov razılıqla danışıb: "Hazırkı oyunlarımız barədə nə isə demək bir qədər çətindir. Çünki komanda gündə iki dəfə məşq edir, hazırlıq keçir. Bu ərəfədə aldıqları yükləmədən sonra deyərdim ki, futbolçularımız pis oynamadılar".

Qeyd edək ki, "Zirə" yay fasiləsində Elvin Məmmədov, Cavid Hüseynov, Elvin Camalov, Nicat Süleymanov və Boyan Zaqoviçi heyətinə qatıb. Əvəzində klub Budaq Nəsirov, Kamal Bayramov, Dilan Duventru, Bilal Həmdi, Vüqar Mustafayev, Sadiq Quliyev, Kamal Mirzəyev, İlkin Qırtımov, Pərdis Fərcad-Azad, Miloş Radivoyeviç, Aleksandr Dedov, Sadio Tounkara və İsmael Fofana ilə yollarını ayırıb. Robin Nqalande, Mfo Kqasvane, Şafik Tiqruca, Tellur Mütəllimov, Adrian Skarlatake, Xulio Sezar Rodriges və İlkin Muradovla isə yeni müqavilə bağlanılıb. 

Son xəbərlər

Orphus sistemi