"Zirə"nin baş məşqçisi: “Qəbələ” ilə qarşılaşma bizim üçün adi oyun olacaq"

"Zirə"nin baş məşqçisi: “Qəbələ” ilə qarşılaşma bizim üçün adi oyun olacaq" "Çalışacağıq ki, xal götürək"
Futbol
19 Mart , 2017 21:54
Zirənin baş məşqçisi: “Qəbələ” ilə qarşılaşma bizim üçün adi oyun olacaq

Bakı. 19 mart. REPORT.AZ/ “Qarabağ” çempionatın lideridir. Bu komandaya qarşı oynamaq çətindir. Ancaq oyuna yaxşı hazırlaşmış və rəqibi yaxşı analiz etmişdik. Qırmızı vərəqədən sonra oynamaq çətindir. Bu gün Zirədə tamamilə başqa atmosfer var idi. Biz də istəyirik ki, ev oyunlarımızda stadion tamamilə dolsun. Qarşıda çətin oyunlarımız var. Bundan sonra həmin qarşılaşmalara hazırlaşacağıq".

"Report"un məlumatına görə, bunu "Zirə"nin baş məşqçisi Ayxan Abbasov evdə "Qarabağ"la 0:0 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XXIII tur matçından sonra mətbuat konfransında deyib.

Daha sonra gənc mütəxəssis jurnalistlərin suallarını cavablandırıb:

Bu gün komanda daha əzmkar görünürdü. Bu, nə ilə bağlıdır?

- Əvvəl də demişəm ki, çempionat sona yaxınlaşdıqca oyunlar daha gərgin keçəcək. “Neftçi”yə qalib gəlsək də, “Kəpəz”ə məğlub olmuşduq. Hər xal qızıla bərabərdir. Biz qış fasiləsindən sonra hər oyunda istəkli oluruq. Hərçənd, bütün oyunlarda komandadan istədiyimizi ala bilmirik.

Sistemdə dəyişiklik etmişdiniz. Bu, təkcə “Qarabağ”la oyun üçün idi, yoxsa gələcəkdə də bu cür dəyişikliklər olacaq?

- Hər məşqçinin futbola fərqli baxışı var. Bəzi məşqçilər var ki, bütün rəqiblərə qarşı eyni taktikadan istifadə edir. Bu oyunda rəqibə sürpriz etmək istədik. Qarşıdakı oyunlarda da sistemi dəyişə bilərik. Əsas odur ki, bu seçimdə yanılmadıq.

Artıq neçənci dəfədir ki, “Zirə”nin oyunçuları meydanda mübahisə edirlər...

- Oyun vaxtı belə şeylər olur. Ancaq bu, mübahisə deyil. Məncə, bu, birinci dəfə idi.

Növbəti turda sizi “Qəbələ” ilə oyun gözləyir...

- “Qəbələ” liderlərdən biridir. Çətin olacaq. Amma bu, bizim üçün adi oyundur. Çalışacağıq ki, xal götürək.

Millinin oyunları ilə bağlı 10 günlük fasilə komandaya necə təsir edə bilər?

- Bu, bütün dünyada var. Əksinə, “Qəbələ” ilə vacib oyun öncəsi bu cür fasilənin olması yaxşıdır.

Son xəbərlər

Orphus sistemi