Zeki Çelik "Roma"dan azad agent kimi ayrıla bilər

Futbol
  • 24 mart, 2026
  • 11:19
Zeki Çelik Romadan azad agent kimi ayrıla bilər

İtaliyanın "Roma" klubu ilə türkiyəli müdafiəçi Zeki Çelik arasında yeni müqavilənin imzalanması sual altındadır.

"Report" "Tuttomercatoweb"ə istinadən xəbər verir ki, tərəflər arasında danışıqlar dayandırılıb və 29 yaşlı futbolçunun nümayəndələri ilə hələlik razılıq əldə olunmayıb.

Baş məşqçi Can Pyero Qasperininin israrlı tələbinə baxmayaraq, rəhbərlik oyunçunun maliyyə şərtləri ilə razılaşmır.

Əsas fikir ayrılığı maaşla bağlıdır. Hazırda illik 2 milyon avro və bonuslar qazanan Çelik yeni müqavilədə bu məbləğin 4 milyon avroya çatdırılmasını tələb edir. İtaliya A Seriyası təmsilçisinin rəhbərliyi isə bu tələbi həddindən artıq yüksək hesab etdiyi üçün hələlik rəsmi təklif irəli sürməyib.

Zeki Çelikin "canavarlar"la hazırkı sözləşməsinin müddəti 2026-cı il iyunun 30-da başa çatır. Tərəflər ortaq məxrəcə gələ bilməsələr, futbolçu mövsümün sonunda azad agent kimi komandadan ayrılacaq.

Qeyd edək ki, təcrübəli müdafiəçi 2025/2026 mövsümündə keçirdiyi 37 matçda 1 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalı onun dəyərini 12 milyon avro qiymətləndirir.