İtaliyanın "Yuventus" klubunun futbolçuları ilə baş məşqçi Andrea Pirlo arasında problem yaranıb.
"Report" "Corriere della Sera"ya istinadən xəbər verir ki, oyunçular 41 yaşlı mütəxəssisdən narazıdır.
İddiaya görə, italiyalı baş məşqçi onlarla taktiki gedişləri müzakirə etmir. Bu da təlimatların səhv başa düşülməsinə səbəb olur.
Taktiki məsələlərlə Pirlonun köməkçisi İqor Tüdor məşğul olur. Oyun vaxtı isə futbolçulara müvafiq tapşırıqları digər məşqçi Roberto Baronio verir.
Bəzi futbolçular baş məşqçinin bu vəzifələri başqalarına verməsindən narazıdır. Xüsusilə Deyan Kulusevski və Paulo Dibala mütəxəssisin onlardan nə istədiyini başa düşmürlər.
Qeyd edək ki, "Yuventus" 9 oyundan sonra 17 xalla İtaliya A Seriyasında dördüncüdür. Son çempion lider "Milan"dan 6 xal geri qalır.