Turinin "Yuventus" futbol klubunun hücumçusu Kriştianu Ronaldu əvvəlki kimi komandasını qarşıdan gələn yayda dəyişə bilər.
Bu barədə “Report” AS nəşrinə istinadən xəbər verir. Qeyd edilir ki, "qoca sinyora" hələ Ronaldu ilə bağlı təkliflər almayıb.
Məlumata görə, əgər 36 yaşlı portuqaliyalı özü getmək arzusunu bildirsə, ona konkret iddiaçı çıxacaq, "Yuventus" dialoqa açıq olacaq və Kriştianunun gedişinə mane olmayacaq.
Turin klubu Ronaldu ilə bağlı 25 milyon avrodan başlayaraq təkliflərə baxmağa hazırdır. Kluba maliyyə problemlərini həll etmək üçün məhz bu məbləğ lazımdır.
Əgər portuqal hücumçuya görə konkret təkliflər daxil olmasa, onda onu komandanın heyətində saxlayacaqlar. Son söz Ronaldunundur. Onun "Yuventus"la müqaviləsi 2022-ci ilin yayında başa çatır.