Yusif Həsənov: "İlk mövsümdə ikinci yeri tutmaq pis nəticə sayılmamalıdır"

Yusif Həsənov: "İlk mövsümdə ikinci yeri tutmaq pis nəticə sayılmamalıdır" "Yerli futbolçularla işləməyin tərəfdarıyam"
Futbol
27 Aprel , 2017 21:29
Yusif Həsənov: İlk mövsümdə ikinci yeri tutmaq pis nəticə sayılmamalıdır

Bakı. 27 aprel. REPORT.AZ/ "Biz debütant komandayıq. İlk mövsümdə ikinci yeri tutmaq pis nəticə sayılmamalıdır. Əlbəttə, çempion olmaq üçün iddiamız var idi, lakin alınmadı".

Bunu "Report"a müsahibəsində "Səbail" futbol klubunun icraçı direktoru Yusif Həsənov bildirib.

İcraçı direktorun müsahibəsini sizə təqdim edirik:

"Səbail" bu gün I Divizionun sonuncu turunda "Bakılı"nı 7:1 hesabı ilə məğlub etməklə Azərbaycan Premyer Liqasına vəsiqə qazandı...

- Bəli, çox sevinirik. Əsas məqsəd ikinci pillədəki mövqeyimizi qorumaq idi, bunu da bacardıq. Bütün kollektivi təbrik edirəm.

Vəsiqəni təmin etsəniz də, hər halda Premyer Liqaya çempion kimi gəlmək istərdiniz. Qızıl medalları əldə etmək üçün nə çatmadı?

- Unutmayaq ki, biz debütant komandayıq. İlk mövsümdə ikinci yeri tutmaq pis nəticə sayılmamalıdır. Əlbəttə, çempion olmaq üçün iddiamız var idi, lakin alınmadı.

Hansı oyunları qırılma nöqtəsi hesan edirsiniz?

- "Ağsu" komandası ilə görüşlərdə ümumilkdə 5 xal itirdik. "Turan Tovuz"u da məğlub edərdik. Amma olmadı. Axıra qədər mübarizə apardıq. Çempion ola bilməsək də, 2-ci yer üçün layiqli oyun nümayiş etdirdik.

Futbolçularınız hesab 7:1 olandan sonra da dayanmırdılar. Məqsəd 10 top vurmaq idi?

- Bilmirəm, bəlkə, uşaqar növbəti 3 ay ərzində futbol olmayacağını düşündükləri üçün bu cür oynayırdılar (gülür).

Lisenziyalaşdırma ilə bağlı vəziyyət nə yerdədir?

- Bütün meyarlar üzrə lazım olan sənədləri AFFA-ya təqdim etmişik. İnşallah, müsbət cavab alarıq.

Mətbuatda baş məşqçiniz Elman Sultanovun əvəzlənəcəyinə dair xəbərlərə rast gəlirik. Bununla bağlı nə deyə bilərsiniz?

- Mətbuatı mən də izləyirəm. Bəzən özümün də ağlıma gəlməyəcək şeylər oxuyuram. Klub olaraq heç kəsə təklif göndərməmişik. Ayın sonunda Müşahidə Şurasının iclası olacaq. Orada gələn mövsümlə bağlı qərarlar veriləcək və bundan sonra işlərə başlayacağıq.

Növbəti mövsümdə komanda sırf yerli futbolçulardan təşkil olunacaq, yoxsa heyətdə əcnəbilərin də yer alması mümkündür?

- Yerli futbolçularla işləməyin tərəfdarıyam. Amma yenə də deyirəm, klubun gələcək strategiyası Müşahidə Şurasının iclasında müəyyənləşəcək. Qabaqcadan nəsə deməyim düz olmaz. Mayın əvvəlində mətbuat konfransı təşkil edəcəyik və orada bütün suallara aydınlıq gətiriləcək.

Son xəbərlər

Orphus sistemi